
Bakı. Trend:
Florida Universitetinin alimləri xərçəngə qarşı immun sistemi
aktivləşdirə bilən yeni eksperimental mRNT vaksini yaradıblar.
Trend xəbər verir
ki, bu barədə “NewAtlas” məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, bu peyvənd müəyyən bir şiş
növünə qarşı deyil, ümumilikdə xərçəng hüceyrələrinin tanınması və
məhv edilməsinə yönələn immun cavabı gücləndirir.
Vaksin daha əvvəl aqressiv beyin şişi – qlioblastoma ilə bağlı
sınaqlarda effektivlik göstərib. Sonrakı mərhələlərdə tədqiqatçılar
dərmanı dəri, beyin və sümük xərçəngi də daxil olmaqla, müxtəlif
xərçəng növləri ilə xəstə siçanlar üzərində sınaqdan keçiriblər.
Bəzi hallarda şişlər əlavə müalicəyə ehtiyac olmadan yoxa
çıxıb.
Araşdırmaçılar bildirirlər ki, vaksin COVID-19-a qarşı mRNT
texnologiyası ilə eyni prinsiplə işləyir: bədənə xüsusi mRNT
təlimatları verilir, hüceyrələr bu təlimatlar əsasında zülallar
istehsal edir və immun sistemi bu zülallar vasitəsilə şiş
hüceyrələrini tanıyıb məhv edir.
Hazırda peyvənd heyvanlar üzərində sınaq mərhələsindədir, lakin
nəticələr gələcəkdə insanlarda klinik sınaqlar üçün mühüm əsas
yaradır.

