Azərbaycanda müəllimlərin sayı niyə azalır? –

Baş səhifə

Azərbaycanda son üç tədris ili ərzində orta məktəblərdə müəllimlərin sayı azalmaqdadır. Rəsmi statistikaya görə, 2022–2023-cü tədris ilində 151 mindən çox müəllim fəaliyyət göstərirdisə, 2024–2025-ci ildə bu rəqəm 146 min 381 nəfərə enib. Təhsil sistemində yaranan bu tendensiya isə sual doğurur: müəllimlərin sayındakı azalma hansı səbəblərlə bağlıdır və prosesin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Təhsil eksperti Elçin Murad Metbuat.az-a açıqlamasında bildirib ki, müəllim sayının azalmasının bir neçə əsas səbəbi var:

“2022-2025-ci illərdə orta məktəblərdə müəllim sayının azalmasının ən birinci səbəbi MİQ imtahanlarının həddindən artıq çətin keçirilməsidir. Sualların həddindən artıq çətin olması müəllimlərin real imkanlarına uyğun gəlmir. Yəni, MİQ imtahanlarında düşən suallar müəllimin praktiki işində istifadə etdiyi səviyyədən qat-qat yüksək olur. Halbuki bu səviyyə orta məktəb müəllimi üçün keçərli deyil, çünki o, şagirdə həmin bilikləri o dərəcədə dərindən vermir, daha sadə və səthi formada öyrədir. İkinci səbəb orta məktəblərdə maaş sisteminin hələ də aşağı olmasıdır. Hər nə qədər müəllimlərin maaşı artırılsa da, bu, günün tələbatını ödəmir. Hər birimiz, bir Azərbaycan vətəndaşı olaraq, aylıq xərclərin nə qədər olduğunu bilirik. Əgər bir müəllim ortalama 500-1000 manat maaş alırsa, bu vəsait ailə xərclərinə, yol xərclərinə və digər ehtiyaclara çatmır. Ona görə də müəllimlər orta məktəbdə işləməklə kifayətlənməyib kurslarda və ya fərdi hazırlıq keçməklə ailəsini dolandırmağa çalışır. Beləliklə, orta məktəb onlar üçün maraqlı olmur. Növbəti məsələ orta məktəblərdə idarəçilik sisteminin düzgün qurulmamasıdır. Direktor və ya direktor müavini bəzən müəllimləri həddindən artıq yükləyir, yerli-yersiz əlavə iş tapşırır, hətta danışıq tərzində və səs tonunda kobudluğa yol verir. Halbuki müəllim bu peşəyə illərini vermiş, azı beş il universitet oxuyub müəllimlik statusu qazanmış şəxsdir. Belə bir insanın əsassız qəzəblə üzləşməsi normal qəbul edilmir. Ona görə də bəzi müəllimlər məktəbdən ərizə yazıb çıxır və ya ümumiyyətlə işləmək istəmir”.

O qeyd edib ki, orta məktəblərdə təhsil kənardan hər nə qədər yaxşı vəziyyətdə görünsə də, təəssüf ki, hələ də istənilən səviyyəyə çatmır:

“Bunun əsas səbəblərindən biri də MİQ imtahanına müraciət edənlərin çoxluğudur. Məsələn, bir məktəbə 4-5, maksimum 10 müəllim lazım olduğu halda, həmin vakant yerlərə 100, bəzən 1000 nəfər müraciət edir. Nəticədə yalnız 10 nəfər işə qəbul olunur, qalanları kənarda qalır. Bu vəziyyəti görən digər müəllimlər isə növbəti il MİQ imtahanına girməkdən imtina edir və başqa işlərlə, hətta sahəsindən tamamilə fərqli sahələrlə məşğul olmağı üstün tutur. Əgər Təhsil Nazirliyi bu barədə tədbir görməsə, yaxın gələcəkdə orta məktəblərdə xüsusilə kişi müəllimlərin sayı minimuma enəcək. Burada qadın müəllimlərə qarşı ayrı-seçkilikdən söhbət getmir. Sadəcə qadın müəllimlərin aldığı maaş bəzən onların şəxsi və ailə xərclərini müəyyən qədər ödəyə bilir. Amma kişi müəllimlər üçün bu kifayət etmir. Çünki ailənin əsas yükünü kişi daşıyır və daha yüksək gəlir əldə etməsi vacibdir. Orta məktəblərdə maaşın maksimal həddi 1500 manat olsa da, bu da kifayət etmir. Məsələn, bir müəllim kirayədə qalırsa, maaşın 500-600 manatı yalnız kirayəyə gedir, qalan hissə isə gündəlik xərclərə, məktəbə, kitab və dəftərə, ailəni dolandırmağa sərf olunur. Üstəlik, maaşdan tutulmalar da əlavə edilir. Bütün bunları nəzərə alanda görürük ki, orta məktəbdə müəllim kimi işləmək maraqsız olur. Əgər vəziyyətin düzəlməsi istənilirsə, birincisi, maaş sistemi qaydaya salınmalıdır. İkincisi, idarəçilik sistemi düzgün qurulmalıdır. Heç bir direktor və ya digər vəzifəli şəxs müəllimdən üstün deyil. Məktəbin əsas işini görən müəllimdir və ona hörmətlə yanaşılmalıdır. Üçüncü olaraq, dövlət orta məktəblərdə müəllim ehtiyacını düzgün müəyyən etməlidir. Əgər hər il universitetlərə bu qədər müəllimlik ixtisası üzrə tələbə qəbul edib, onları işlə təmin etməyəcəksə, vakant yerlər olmayacaqsa və ya həmin məzunlar müəllimlikdən uzaqlaşıb başqa sahələrdə işləyəcəksə, onda müəllimlik peşəsi həmin şəxslər üçün maraqsız olacaqdır.

Ekspert sonda bildirib ki, bütün bu məsələlər düzgün hesablanmalı və tədbirlər görülməlidir. Əks halda, orta məktəblərdə müəllimlərin sayı getdikcə daha da azalacaqdır.

Ülkər Cəlilzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir