
Bakı. Trend:
Prezident İlham Əliyevin Çin səfəri Çin və Azərbaycan arasında
müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan
verib, həmçinin, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq
münasibətlərinin məzmununu zənginləşdirmiş olub.
Trend xəbər verir
ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey
Bakıda keçirilən brifinqdə deyib.
O, Prezident İlham Əliyevin Çinə səkkiz dəfə səfər etdiyini,
müxtəlif formatlarda ÇXR lideri Si Cinpinlə 10 dəfədən çox
görüşdüyünü xatırladıb.
“Sədr Si Cinpin Prezident İlham Əliyevi öz köhnə dostu
adlandırıb. Məhz iki dövlətin strateji rəhbərliyi altında
Çin-Azərbaycan münasibətləri ardıcıl olaraq yeni səviyyəyə yüksəlir
və artıq tarixdəki ən yüksək nöqtəsinə çatıb.”, – deyə Lu Mey
bildirib.
Onun sözlərinə görə, Çin tərəfi Azərbaycanla birlikdə ikitərəfli
əməkdaşlığın müsbət dinamikasını dəstəkləməyə və qarşılıqlı fayda,
eləcə də, ümumi firavanlıq naminə yeni üfüqlər açmağa hazırdır.