
Bakı. Trend:
Regional və qlobal ticarət üçün yüksək strateji əhəmiyyətə malik
olan Mərkəzi Asiya kimi regionlara xüsusi status verilməlidir.
Trend xəbər verir
ki, bunu Avrasiya Elmi-Tədqiqat İnstitutunun baş tədqiqatçısı
Dauren Aben “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in
institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə”
adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü
sessiyasında çıxışı zamanı söyləyib.
“O tranzit və nəqliyyat qovşaqlarının fasiləsiz fəaliyyəti bütün
tərəflərin maraqlarına cavab verir. Bu baxımdan, belə regionların
statusu və fəaliyyət rejimi barədə beynəlxalq sazişin bağlanması,
habelə onlara hüquqi cəhətdən icbari təhlükəsizlik təminatlarının
verilməsi məqsədəuyğundur”, – deyə o qeyd edib.
Aben əlavə edib ki, belə bir saziş quru transkontinental
marşrutların bloklanmasının qarşısını almağa və rəqabət deyil,
əməkdaşlıq mühitinin formalaşmasına imkan vermiş olardı.
“Yaşıl” transformasiyaya gəldikdə isə, bu, artıq seçim məsələsi
deyil, zərurətdir və təchizat zəncirlərini köklü şəkildə dəyişir.
Ən böyük bazarların karbonsuzlaşdırılması məqsədləri asiyalı
ixracatçıları istehsal və logistikaya yenidən nəzər salmağa məcbur
edir.
Bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi,
karbon emissiyalarının azalması və ekoloji idarəetmənin güclənməsi
fonunda biz tədarük zəncirlərinin bütün mərhələlərində dayanıqlılıq
prinsiplərini tətbiq etməliyik”, – deyə o vurğulayıb.