
Bakı.Trend:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%,
faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz
saxlanılıb.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz
trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son
qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta
bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının
ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.
Məlumata əsasən, hazırda illik inflyasiya proqnozlaşdırılan
trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq
inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli
xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil
edib. İllik baza inflyasiya isə 4.6% olub.
Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır.
Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda
əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına
görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o
cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci
il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib,
2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.
Cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri
əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin
son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3%-ə
enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor
göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə
balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ
dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo
qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci
ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd.
ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin
yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə
bağlı proqnozu dəyişməz qalır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və
bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə
alınmaqla tətbiq edilir. Ötən iclasdan bəri təminatsız pul
bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət
edib, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi
minimuma enib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%,
avqustda 6.97%, sentyabrın ötən dövründə isə 6.98% olub. Ötən
iclasdan bəri AZIR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi
Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni
zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə
azalmalar qeydə alınıb. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi
tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi
üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik
mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə
Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul
siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa
çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8
ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda
əqdlərin sayı 19% artıb.
“Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli
dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər
əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam
edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk
faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında
inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından
asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə
xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd
oluna bilər. Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca
olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin
sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə
müqayisədə aşağı olacağı gözlənilir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki
inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi
proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin
dinamikasından asılı olaraq veriləcəkdir. Proqnozlar yenilənərkən
2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin
gözlənilən dinamikası da nəzərə alınacaqdır. Mərkəzi Bank bundan
sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün
vasitələrdən istifadə etməyə davam edəcəkdir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə
məlumat 2025-ci il oktyabr ayının 22-də ictimaiyyətə açıqlanacaq və
bununla bağlı mətbuat konfransı keçiriləcəkdir,” – deyə məlumatda
qeyd olunub.