Azərbaycan və Çin arasında tərəfləri maraqlandıran mövzularda fikir mübadiləsi aparılıb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin
sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə spiker Sahibə Qafarova Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.

Spiker bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə
əlaqələrin dərinləşməsində və inkişafında dövlət başçıları arasında
yüksək səviyyədə həyata keçirilən görüşlərin və imzalanmış
sənədlərin mühüm rolu var. Qeyd edilib ki, Prezident İlham Əliyevin
Çinə son dövlət səfəri ikitərəfli münasibətlərin dərinləşməsində
tarixi mərhələni təşkil edir.

Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq
edir və daim qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan hər
zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi
bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi
bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və
ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını
müdafiə edirlər.

Görüşdə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası
arasında qurulan müntəzəm təmasların ikitərəfli siyasi
münasibətlərin inkişafında rolundan, Azərbaycanın Çin Xalq
Respublikası sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol”
təşəbbüsünü dəstəkləyən ilk ölkə kimi bu istiqamətdə həyata
keçirdiyi layihələrdən, eyni zamanda “Orta Dəhliz”in inkişafı
istiqamətində birgə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Söhbət zamanı iqtisadi, ticarət, humanitar, elm, təhsil,
mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsindən
məmnunluq ifadə olunub, iki ölkə arasında mədəni və humanitar
mübadilənin əsas hərəkətverici qüvvəsi olan Heydər Əliyev Fondu və
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında
əlaqələrin inkişafının ölkələrimizə və xalqlarımıza verdiyi
töhfələr vurğulanıb.

Azərbaycan və Çin parlamentləri arasında əməkdaşlığın
əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, Milli
Məclis Çindən olan həmkarları ilə əməkdaşlığın daha da
gücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə hər iki ölkənin
parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi
qrupları mühüm rol oynayır.

Görüş üçün təşəkkürünü bildirən Çin Xalq Siyasi Məşvərət
Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Hui Azərbaycana ilk
dəfə səfər etdiyini bildirib və bu barədə təəssüratlarını bölüşüb.
Qonaq ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin
inkişafı, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində
birgə fəaliyyət, Çin iqtisadiyyatının inkişaf istiqamətləri və
ikitərəfli münasibətlərin perspektivləri barədə fikirlərini
bölüşüb.

Söhbət zamanı qonaq Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin
Komitəsinin fəaliyyəti, strukturu, partiyaların təmsilçiliyi, Çinin
siyasi sistemi barədə məlumat verib. O, Azərbaycanın “Vahid Çin”
siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, qarşılıqlı
əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir
mübadiləsi aparılıb.