
Bakı. Trend:
Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən
genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.
Trend
xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, təmir olunan küçə və prospektlərin ümumi sahəsi 1
milyon kvadratmetrdən çoxdur. Ümumilikdə dövlət başçısının
sərəncamları əsasında 76 küçə və prospektdə təmir işləri
aparılır.
Layihə çərçivəsində köhnə asfalt-beton örtüyü sökülüb, zəruri
sahələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks
dolğu işləri aparılıb və optimal qırmadaş, qum-çınqıl qarışığından
ibarət yeni yol əsası inşa edilib. Bu mərhələlərin tamamlandığı
küçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur və bu
işlər artıq yekunlaşmaq üzrədir.
Eyni zamanda, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz
hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa
olunub, yeni səkilər inşa edilib və kənarlarına səki daşları
düzülüb.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq, təmir olunan
ərazilər boyunca yeraltı kommunikasiya xətlərinə aid baxış
qapaqları layihə hündürlüyünə qaldırılıb və yenilənib. Bununla da
müasir yol infrastrukturu formalaşdırılır.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
rəhbərliyinin nəzarəti altında, əvvəlcədən tərtib olunmuş iş
qrafikinə uyğun şəkildə həyata keçirilir. Layihənin vaxtında və
keyfiyyətlə tamamlanması üçün ərazilərə zəruri sayda texnika və
canlı qüvvə cəlb olunub.
Ümumilikdə, Gəncə şəhərində yol infrastrukturunun yenidən
qurulması və müasirləşdirilməsi istiqamətində həyata keçirilən
təmir-tikinti işləri, vətəndaşların təhlükəsiz və komfortlu
hərəkətini təmin edəcək.