Energetika naziri İƏT Təmiz Enerji Mərkəzinin icraçı direktoru ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla İqtisadi Əməkdaşlıq
Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı
direktoru Aysel Yaqubova arasında görüş keçirilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Təmiz Enerji Mərkəzinin regional
əməkdaşlıq platforması kimi fəaliyyəti, planlaşdırılan layihələr və
birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi
aparılıb. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq
Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə
Sazişi”ndən irəli gələn məsələlər, həmçinin qurumun
maliyyələşdirilməsi, beynəlxalq təşkilatlar, enerji şirkətləri və
maliyyə institutları ilə tərəfdaşlıq imkanları müzakirə olunub.
Mərkəzin İƏT-ə üzv dövlətlər üzrə bərpa olunan enerji və enerji
səmərəliliyi sahəsində mövcud milli qanunvericilik, normativ hüquqi
aktlar və siyasət çərçivələrinin mərkəzləşdirilmiş toplusunu
formalaşdırmaq kimi planları diqqətə çatdırılıb. Belə təşəbbüslərin
investorlar, maliyyə institutları və digər maraqlı tərəflər üçün
faydalı olacağı qeyd edilib. Həmçinin bildirilib ki, Təmiz Enerji
Mərkəzi əhatə etdiyi ölkələrdə müvafiq sahədə bilik və bacarıqların
artırılmasına, təcrübə mübadiləsinə dəstək verməyi, regional və
beynəlxalq forumlarda iştirakını genişləndirməyi planlaşdırır.




Söhbət zamanı Energetika Nazirliyinin Mərkəzin fəaliyyətinə
dəstəyi ifadə olunub və Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyi ilə birgə tədbirlərin keçirilməsi tövsiyə edilib.

Qeyd edək ki, Mərkəz İƏT-in ixtisaslaşmış qurumu olmaqla yanaşı,
BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Regional Dayanıqlı
Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) tərkib hissəsi
kimi 2025-ci ilin sentyabrından fəaliyyətə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir