“WorldSkills Şanxay 2026” kibertəhlükəsizlik yarışının milli komanda seçimləri başladı – Azərbaycanı təmsil et!

Baş səhifə

Bakı. Trend:

22–27 sentyabr 2026-cı il tarixində Çin Xalq Respublikasının
Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə “WorldSkills
Şanxay 2026” beynəlxalq yarışının seçim mərhələsinə start verilib.
89 ölkədən 1000-dən çox iştirakçı və ekspertin bir araya gələcəyi
beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərin
hazırlanması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
(İRİA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı
çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıq
prosesinə start verib.

Azərbaycanın beynəlxalq arenada uğurla təmsil olunması məqsədilə
WorldSkills Azərbaycan çərçivəsində kibertəhlükəsizlik üzrə bütün
tədbrilər İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan
Kibertəhlükəsizlik Mərkəzində həyata keçiriləcəkdir. Bu istiqamətdə
fəaliyyətlər qeydiyyat, seçim və yarışmaya hazırlıq prosesini əhatə
edəcəkdir.

Yarış günlərinə qədər 25 yaşı tamam olmayan, “intermediate”
səviyyəsində texniki ingilis dili biliklərinə malik,
kibertəhlükəsizlik sahəsində təhsil alan və ya bu sahədə fəaliyyət
göstərən gənc mütəxəssislər müsabiqədə iştirak etmək üçün müraciət
edə bilərlər.

Qeydiyyatdan keçən namizədlər üçün Birinci tur (First Round
CTF), yarımfinal (Semi-Final CTF), və final (Final CTF) olmaqla 3
mərhələli CTF (Capture The Flag) yarışı keçiriləcək. Hər mərhələ
fərqli tarixlərdə baş tutacaq. Finala yüksələn 5 komanda (hər
komanda üzrə 2 nəfər olmaqla) intensiv hazırlıq mərhələsinə dəvət
olunacaq və sözügedən sahənin aparıcı mütəxəssisləri tərəfindən
xüsusi təlimlər alacaqlar.




Qeyd edək ki, sözügedən tədbir yerli təhsil, iqtisadiyyat,
turizm və beynəlxalq əlaqələrin inkişafı baxımından dəyərli
imkanlar yaradacaq, həmçinin mədəniyyətlərarası mübadilənin
təşviqinə töhfə verəcək. İştirakçılar müxtəlif texniki və peşə
sahələri üzrə bacarıqlarını nümayiş etdirərək texniki bilik
mübadiləsinə dəstək göstərəcəklər.

Son qeydiyyat tarixi: 24 oktyabr 2025-ci il

Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition