
Bakı. Trend:
11 sentyabr 2025-ci il tarixində 2015-ci il təvəllüdlü azyaşlı
qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən
hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən
Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım
şöbəsinə gətirilib.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh
Məmməd məlumat verib.
Onun sözlərinə görə, valideynlə aparılan söhbət zamanı məlum
olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir, yad cisim
udma vərdişi var və 3–4 gün əvvəl batareya və maqnit qırıqları
udub.
“Aparılan rentgenoloji müayinədə qarın boşluğunun
proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad
cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.
Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin
rəhbərliyi ilə uşaq cərrahları Ramin Bayramov və Binnət Sofuyev
tərəfindən qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı
perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən
rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca
tikilməsi) əməliyyatı icra olunub.
Uğurlu cərrahi müdaxilə və 14 günlük stasionar müalicələrdən
sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün
evə buraxılıb”,- deyə o əlavə edib.