
Bakı. Trend:
Azərbaycanın Niderlanddakı Səfirliyi tərəfindən 27 Sentyabr –
Anım Günü ilə əlaqədar bədii-musiqili xatirə gecəsi təşkil olunub.
Tədbirdə diplomatik korpusun, Niderland ictimaiyyətinin, bu
ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri iştirak
ediblər.
Bu barədə Trend-ə Səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycanın Dövlət himninin
səsləndirilməsi ilə başlanıb. Ardınca Vətənimizin ərazi bütövlüyü
və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin
müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərək,
Anım Gününün xalqımızın müasir tarixindəki xüsusi yerindən bəhs
edib. Diplomat qeyd edib ki, bu əlamətdar gün Vətən uğrunda canını
fəda etmiş şəhidlərimizin əbədiyaşar xatirəsinə ehtiramın,
xalqımızın qəhrəmanlıq irsinə sədaqətinin parlaq təcəssümüdür.
Ermənistanın 30 illik hərbi təcavüzünün ağır nəticələri barədə
danışan diplomat Azərbaycanın bu işğal ilə heç vaxt barışmadığını
və Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbəni yaxınlaşdırmaq
üçün bütün siyasi, diplomatik, iqtisadi və hərbi imkanların
səfərbər edildiyini deyib. Diplomat 44 günlük Vətən müharibəsində
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusunun xalqımızın iradə və birliyini əks etdirən dəmir yumruq
ətrafında birləşərək şanlı Qələbə tarixi yazdığını, bunun milli
qürurumuzun, mübariz iradəmizin və əzmkarlığımızın təcəssümü
olduğunu bildirib. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror
tədbirləri nəticəsində isə ölkəmizin suverenliyinin tam təmin
olunduğunu, Azərbaycanın beynəlxalq hüququ, tarixi ədaləti bərpa
etdiyini və regionda yeni reallıq yaratdığını, bu tarixi
qələbələrin fonunda 2025-ci il ölkəmizdə “Konstitusiya və
Suverenlik İli” elan edildiyini bildirib. Diplomat çıxışında,
habelə Vaşinqton sammitinin tarixi nəticələri, azad olunmuş
ərazilərimizdə gedən bərpa və yenidənqurma işləri və “Böyük
Qayıdış” siyasətinin uğurlu icrası barədə məlumat verib. Çıxışının
sonunda şəhidlərimizin əziz xatirəsinin bütün xalqımız tərəfindən
sonsuz minnətdarlıqla yad edildiyini deyib, qazilərimizə şəfa
diləyib.
Tədbirdə çıxış edən Niderland-Belçika Azərbaycanlıları
Koordinasiya Şurasının əlaqələndiricisi Elsevər Məmmədov
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş
bütün şəhidlərimizin qəhrəmanlığının hər bir azərbaycanlının
yaddaşında əbədi yaşayacağını bildirib. Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bu müqəddəs
mübarizədə göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixinin şanlı
səhifəsi olduğunu deyib. Avropada yaşayan soydaşlar olaraq, bu haqq
və ədalət mübarizəsində daim dövlətimizin və xalqımızın yanında
olduqlarını, haqq səsimizin duyurulması istiqamətində ardıcıl
fəaliyyət göstərdiklərini, şəhidlərimizin xatirəsini ehtiramla
andıqlarını vurğulayıb.
Tədbir çərçivəsində nümayiş etdirilən Anım Gününə, Prezident
İlham Əliyevin fikirlərinə, 44 günlük Vətən müharibəsinə və
şəhidlik zirvəsinə ucalan qəhrəmanlara həsr olunmuş videoçarxlar,
eləcə də Niderlandda yaşayan Azərbaycanlı və türk musiqiçilərinin
canlı ifasında səslənən Azərbaycan, Türkiyə və dünya
bəstəkarlarının əsərlərindən ibarət bədii-musiqli proqram mərasimin
emosional təsirini daha da gücləndirərək iştirakçılara unudulmaz
anlar yaşadıb.

