Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn
Rəşad Quliyev, Xansu Qurbanov və Bəhmən Məmmədovun xatirəsinə həsr
olunmuş anım mərasimləri keçirilib.

Trend xəbər verir
ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Anım tədbirlərində Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət
nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları və döyüş
yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən
uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimlərdə çıxış edənlər R.Quliyevin, X.Qurbanov və
B.Məmmədovun şərəfli həyat və döyüş yollarından danışıblar.
Döyüş yoldaşları onlarla bağlı xatirələrini mərasim iştirakçıları
ilə bölüşüblər.

Sonra tədbir iştirakçılarına şəhidlərimizə həsr edilmiş sənədli
filmlər nümayiş etdirilib.

Sonda şəhidlərin ailə üzvləri və doğmaları onlara göstərilən
diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca
tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.