
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hər il martın
31-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasında
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fəaliyyəti
haqqında hesabat verəcək.
Trend-in əldə
etdiyi məlumata görə, bu, Ali Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad
məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında”
qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Ali Məclis Nazirlər Kabinetinə onun
səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət edə
biləcək.
Ali Məclisin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən
səlahiyyətli şəxs tərəfindən Ali Məclisin iclasında 1 aydan gec
olmayaraq təqdim ediləcək.
Ali Məclisin deputatlarının sorğularına cavab vermək üçün
Nazirlər Kabinetinin iş qaydası ilə müəyyən edilmiş hallarda
Nazirlər Kabinetinin üzvləri Ali Məclisin iclaslarında iştirak
edəcəklər.
Ali Məclis tərəfindən Nazirlər Kabinetinə etimad göstərilməsi
məsələsi Ali Məclis deputatlarının seçkiləri gününə 6 aydan az
qaldıqda müzakirəyə çıxarıla bilməz.
Ali Məclis tərəfindən Nazirlər Kabinetinə etimad göstərilməsi
məsələsi eyni məsələyə dair birinci müzakirədən yalnız 6 ay
keçdikdən sonra təkrarən yenidən müzakirəyə çıxarıla biləcək.
Yeni qanunun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.

