
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.
Trend-in məlumatına görə, dövlətimizin başçısı
Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.
Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını
bildirdilər.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə
əklil qoydu.
Azərbaycanın Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim
Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər,
məzarları önünə gül dəstələri düzdülər.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil
qoydu.
Azərbaycanın Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına
müraciət etdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin xalqa müraciəti
-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri
işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu
münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün
şuşalıları ürəkdən təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa
indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş
meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində
əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı
Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında
qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm,
bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün
biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız
danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi
torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar
prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi,
sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi.
Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən
göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz
qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının
maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən
dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki,
torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas
vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir
nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə
olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu
Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni
qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci
Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız
müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət
diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı
soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın,
əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı
işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və
qovacağıq!
Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində
xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir.
Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa
nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən
Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə
vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi
dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi
abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28
ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il
bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad
edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş
məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin
bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim
ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən
dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün
Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı
qürur hissi ilə bu xoş xəbəri qarşılayır.
Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün
təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc.
Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün
olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və
təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı
deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə
qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki,
ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz
Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici
bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz
bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət
apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf
modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal
uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi
mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata
keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi.
Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf
etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz
müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim
işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı,
milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı
işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı
aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan
kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən
uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq
və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü
siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.
Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki
uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli
Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı
bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu
torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür,
hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə
təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq
Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq
hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.
Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli
qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4
qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama
Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri,
Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların
qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz
bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən
proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər
ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət
əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı
strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq
sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi
dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət,
qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə
ətrafında tam başqa proseslər gedə bilərdi.
Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi
ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə
bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün
ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki,
təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid
edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda
tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini,
nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə
reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir,
bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region
ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli
əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın
beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu
nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala
bilərdi.
Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim
işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz
ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz
edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi
vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər
göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz
hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda,
mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz
ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin
edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul
istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim
fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət
problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət
problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin
verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz
demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı
yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir.
Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı.
Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün
dünyaya bizim gücümüzü göstərdi.
Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas
amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan
istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı
ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir,
sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq,
əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də
əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!
Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik,
düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə
bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki,
əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni
həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid
olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim
torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim
torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin
özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən
demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir,
bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin – düşmən, onun
havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə
sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da
etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz
Qələbəni qeyd edirik.
Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə
işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın
edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl
tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış.
Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün
Şuşa şəhəri.
Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında
torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi
mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi
dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra
bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü
alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi
dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah,
texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu.
Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan
idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında
göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində
milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub,
mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq –
mənəvi ruh, güc hesabına, birlik hesabına!
Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir.
İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır.
Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq
təşkilatların qərar, qətnamələri bunu tələb edir.
Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada –
Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu,
təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş
əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır.
Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə
qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara
qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq.
Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb,
400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz
azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və
alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik,
məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim,
xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad
etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır
bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya
azərbaycanlıları!
Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda
yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə
məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya
bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə
qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya
sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz
xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!
Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə
yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq
elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla
düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq
birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi
birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik
bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.
Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının
dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti
görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz
dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə,
doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki,
sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq
olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim
həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

