
Bakı. Trend:
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Mən
işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs
günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və
yaxınlaşdırdıq” çağırışı 30 illik işğal, 44 günlük İkinci Qarabağ
müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının
təqdimatı oldu.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının
“dənizdən dənizə böyük Ermənistan” sərsəm ideyasını reallaşdırmaq
cəhdi Azərbaycanın kəndlərinin, şəhərlərinin dağılması, on minlərlə
günahsız insanın qətli, yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı
qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları
doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin
iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.
Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi
köçkün həyatı sürməyə məcbur oldu. Ermənistan bu müddət ərzində
işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə
salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş,
Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və
Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması
bütün işğal dövrü ərzində dövlət siyasətinin mütləq prioriteti və
strateji hədəfi olub.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi yolu
xalqımızın torpaq həsrətinə son qoydu, tarixi ədalət bərpa edildi,
azad Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı dalğalandı.
Bu yolun Azərbaycana iqtisadi, siyasi, diplomatik, hərbi sahədə
qazandırdığı uğurların miqyası o qədər böyükdür ki, onları bir
yazıda əhatə etmək qeyri-mümkündür. Bünün üçün müharibə şəraitində
yaşayan Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı addımlara
diqqət yetirmək kifayətdir. Ulu Öndər Heydər Əiyevin
müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi qətiyyət, taleyüklü
məsələlər sırasında ordu quruculuğu sahəsində həyata keçirdiyi
islahatlar böyük önəm daşıyırdı. Sovetlər dövründə Cəmşid
Naxçıvanski adına hərbi liseyi yaratmaqla ordu quruculuğu
prosesinin əsasını qoyan Ulu Öndər milli kadrların hazırlanması
sahəsindəki təcrübəsini sonrakı illərdə də uğurla davam etdirdi.
Bədnam AXC-Müsavat iqtidarı dövründə ölkədəki acınacaqlı vəziyyət
məlum olaylardandır. Həmin dövrdə Silahlı Qüvvələrimiz
torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının
müdafiəsinə xidmət edirdi. Torpaqlarımızın bir-birinin ardınca
işğalı xalqın səbir kasasını doldurmuşdu. Ümummilli Lider
hakimiyyətə qayıdışı ilə Azərbaycanı düşdüyü çətinliklərdən xilas
etməklə yanaşı, Qələbəyə doğru gedən yolu günbəgün yaxınlaşdırdı.
Təbii ki, bunun üçün Azərbaycanın bütün sahələrdə inkişafı əsas
şərtlərdən biri idi. Ulu Öndər Heydər Əliyev bu inkişafın möhkəm
təməlini yaratdı.
Bugünkü və gələcək zəfərlərər yol açan tarixi
müraciət
Ümummilli Lider 2003-cü ildə isə xalqa tarixi müraciəti ilə
bugünkü və gələcək uğurlara, Zəfərlərə yol açdı. Həmin müraciətdə
cənab İlham Əliyevə Özü qədər inandığını, başa çatdıra bilmədiyi
işləri, planları Onun başa çatdıracağına əminlik ifadə edildi.
Prezident İlham Əliyev suverenliyimizin bərpası ilə yeni dövrə
qədəm qoyan Azərbaycanda ötən il keçirilən prezident seçkilərində
inamlı qələbəsindən sonra andiçmə mərasimində “2003-cü ildə ilk
dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki,
qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını
doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu
illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq
Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və
problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”
söyləyərək onu da qeyd etdi ki, 2003-cü ildə verdiyim bütün vədlər
yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi
Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal
ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut
etmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik, ölkə
qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll
edirik və əsaslı şəkildə həll edirik. Prezident İlham Əliyev onu da
vurğuladı ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə,
ölkəmizin ərazi bütövlüyünün bərpası idi: “O vaxt və ondan sonrakı
illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə
mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və
yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini
tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni
dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına
olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən
cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi
birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük
hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur,
o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan
azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti
bərpa etdik.”
Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi
qüdrətini artırdı. Son illərdə formalaşan və dinamik inkişaf edən
hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar,
pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.
Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.
Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi
məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə öz ordusunu
zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz
imkanlar yaradıb.
Azərbaycan regionda yeni mənzərə yaratdı
Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü də
diqqətdən kənarda qala bilməz. Bütün regional layihələrdən təcrid
olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr
ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun
enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın
təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən
region ölkələrinin maraqlarını təmin edir.
Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin
sayının artmasına səbəb oldu. Azərbaycan bütün aparıcı beynəlxalq
təşkilatlarla əməkdaşlıq edərək keçmiş münaqişənin həlli üçün
hüquqi bazanı möhkəmləndirdi. BMT Baş Assambleyası, Qoşulmama
Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq
təşkilatlar keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllini nəzərdə tutan qətnamələr qəbul etdilər. Avropa
İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına,
suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək
göstərildi.
Onu da qeyd edək ki, keçmiş Qarabağ münaqişəsinin nizamlanması
üçün 24 mart 1992-ci ildə təsis olunmuş və artıq tarixin arxivinə
göndərilən ATƏT-in keçmiş Minsk qrupu fəaliyyətinin 28 ili ərzində
məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər
ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Məsuliyyətli ölkə
olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş
etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. BMT
işğalçı Ermənistana təzyiq göstərmədi, yalnız tərəfləri sülhə
çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan
ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız
üzərində qalaraq icra olunmadı. Dövlət başçısı İlham Əliyev İkinci
Qarabağ müharibəsini şanlı tariximiz kimi qiymətləndirməklə yanaşı,
bu reallığı da xüsusi qeyd edir ki, ancaq müharibə olmaya bilərdi,
əgər Ermənistan və onun rəhbərliyi, işğalçının arxasında dayanan
qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsinə əməl, Ermənistana onun işğalçılıq siyasətinə görə
sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq
siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı.
Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan
danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə
ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı.
Hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya
bilər.
Nəhayət qisas anı yetişdi və düşmənin “məğlubedilməz
ordu” mifi necə dağıdıldı?
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq
Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqı
30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini
gözləyirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə
xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər
gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər,
kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri,
Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və
tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün
ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa
etdi. Sentyabrın 27-də başlanan uğurlu əks-hücum əməliyyatı
nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan
azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və
rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz
qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35
kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41
kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3
kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə
strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz
yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 9-dan
10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya
Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan
tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar
dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın
20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını
Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə
torpaqlarımızın 30 illik işğalına son qoyan Azərbaycan Silahlı
Qüvvələri Ermənistanın “məğlubedilməz ordu” mifini dağıtdı. Vətən
müharibəsindən sonra da ordu quruculuğu istiqamətində islahatları
davam etdirən Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yeni
Komando birləşmələrinin yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin
say tərkibinin zənginləşməsi, ordumuzun döyüş qabiliyyətinin
artırılması üçün hərbi-təlim məşqlərin yüksək səviyydə təşkili
Ermənistan və havadarlarına ciddi mesaj oldu. Artıq inkaredilməz
həqiqətdir ki, Ermənistan və onun arxasında duran istənilən ölkə
Azərbaycanla şantaj və ultimatum dili ilə danışa bilməz.
Bu gün “Nəyi, necə və nə vaxt ediləcəyini” ölkəmizin müdafiə
qüdrətinin möhkəmlənməsində də tətbiq edən Prezident İlham Əliyevin
qətiyyətli sərkərdəlik təcrübəsi bütün dünyaya nümunə göstərilir.
Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı artır, əsgər və
zabitlərimizin qarşıya qoyulan istənilən vəzifəni yüksək səviyyədə
icra etmək bacarığı təkmilləşir.
Tarixi Zəfərimiz təsdiqlədi ki…
2023-cü ilin sentyabrında Qarabağda aparılan qısamüddətli lokal
anttiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. İkinci
Qarabağ müharibəsindəki Zəfərimiz, antiterror əməliyyatı
nəticəsində qazandığımız uğurlar təsdqlədi ki, Azərbaycan Silahlı
Qüvvələri güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında
öz sözünü demiş, özünü təsdiqləmiş ordudur. Dünyanın güclü orduları
sırasında reytinqi yüksələn Silahlı Qüvvələrimizin hərbi gücünə
görə dünya miqyasında yüksək sıralarda, Cənubi Qafqazda isə birinci
sırada yer alması müdafiə qüdrətimizin sarsılmaz gücünün
ifadəsidir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının
formalaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması
istiqamətində qarşıya qoyulmuş bütün hədəflərə yüksək səviyyədə
nail olur. Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə
2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbi
təlimlərdə iştirak edən , təcrübə mübadiləsi aparan Silahlı
Qüvvələrimiz müasir model əsasında yenidən qurulur. Vətən
müharibəsində Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəməyən
Pakistanla da hərbi-texniki əməkdaşlıq imkanları
genişləndirilir.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə
mövcud imkanlarının təqdimatında öz sözünü dedi. “Biz buraya qalib
kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün
torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik.
Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar
heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə
öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya
gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni
məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza
atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi
qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır” fikirləri ilə
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin
reallıqlarını diqqətə çatdırır.
44 gün davam edən İkinci Qarabağ savaşının XXI əsrin müharibəsi
adlandırılması o deməkdir ki, döyüşün hər günü tarixə zəfər günü
kimi yazıldı. İşğalçıya sarsıdıcı zərbələr endirən Milli Ordumuzun
əsgərləri sona qədər gedərək düşməni torpaqlarımızdan qovdu. “Bu
müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz
şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti
hesabına qazanmışıq” söyləyən Prezident İlham Əliyevin sərəncamları
ilə müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçinin “Vətən
Müharibəsi”, «Zəfər», «Qarabağ» ordenləri, digər medallarla təltif
olunmasi Vətən yolunda şəhid olmuş hərbçilərimizin rəşadətinə
verilən dəyər, ümumxalq ehtiramıdır. Cəbrayıl, Füzuli, Xocavənd,
Suqovuşan, Hadrut, Murovdağ, Laçın, Qubadlı, Zəngilan, Şuşa,
Xocalı, Xankəndi, Xocavənd…Azərbaycanın müstəqillik, qəhrəmanlıq
salnaməsinə yazılan zəfər səhifələridir. Bu torpaqlarda əbədi
yaşamaq haqqımız bərpa edildi. “Biz Şuşanı dünyanın ən gözəl
şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü
vermişəm və bu sözümü də icra edəcəyəm” söyləyən Prezident İlham
Əliyev verdiyi vədi yerinə yetirərək işğaldan azad olunan
ərazilərin bərpasına özü nəzarət edir.
Tarixi-mədəni irsimizin məhvi bəşəri
cinayətdir
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında apardığı
etnik təmizləmə siyasətini pisləyərək, xalqımıza məxsus
tarixi-mədəni irsin, İslam abidələri və məscidlərimizin
dağıdılmasını bəşəri cinayət adlandıraraq mövqelərini
bəyanatlarında rəsmən təsdiqləyən beynəlxalq təşkilatlar,
Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını
bildirən müsəlman ölkələri erməni vandallarının işğal etdikləri
ərazilərdə dini ocaqlarda törətdikləri vəhşilikləri bəşəri cinayət
adlandırırlar. Ağdam şəhəri “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri”
adlandırılır. Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı
Şuşaya səfəri zamanı qədim şəhərin əvvəlki simasına qaytarılacağını
bildirən Prezident İlham Əliyev onu da vurğulayır ki, dini
abidələrin bərpasında, quruculuq işlərində müsəlman ölkələrinin
iştirakı İslam həmrəyliyinin nümunəsidir. İşğaldan azad olunmuş
ərazilərin minalardan təmizlənməsində, yol infrastrukturunun
inşasında Türkiyə şirkətlərinin iştirakı ilə bağlı razılaşmalar
dostluq və birliyin əbədiliyini göstərir. Türk dünyasının birliyi
bu gün azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı
bərpa-quruculuq işlərində aydın görünür.
Mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl
şəhərlərindən birinə çevrilməsini ən önəmli vəzifə kimi qarşıya
qoyan, «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və
qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o
vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki
müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin
ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru
uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev onu da qeyd
edir ki, hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də
Azərbaycan Bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü,
təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam
rayonlarını bir güllə atmadan geri götürdük. Şuşanın azad olunması
günü Zəfər günü elan edildi.
Şuşanın erməni əsirliyindən azad olunmasını tam qələbəmiz kimi
dəyərləndirən Prezident İlham Əliyevin “O vaxt demişdim ki,
Azərbaycan Bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz
hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! Şuşa yenə də öz
tarixi simasını bərpa edəcəkdir” sözləri Böyük Qayıdışa çağırış
idi.
XXI əsr üçün yeni üslub, yeni model nitq
strategiyası
İkinci Qarabağ müharibəsi Azərbaycanın informasiya cəbhəsində
üstünlüyünü də nümayiş etdirdi. Prezident İlham Əliyev tərəfindən
İkinci Qarabağ müharibəsi dövründə verilmiş müsahibələrin hər biri
Azərbaycanın diplomatik uğurudur. Prezident İlham Əliyev müharibə
dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə
verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə
çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu
müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali
Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni
üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri
real mübarizə üsuluna çevirən Azərbaycan Prezidenti informasiya
müharibəsində də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan
konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali
Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın
fikrini dəyişdirməyə müvəffəq oldu. Prezident İlham Əliyevin
ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir sözü, hər
bir fikri xalqın hafizəsinə əbədi həkk olundu, dillər əzbərinə
çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən
səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət
başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında
sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə
dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə
bərabər, doğma insan, xalqın yenilməz övladını görürdülər.
Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan
addımlar
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı
ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər
Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfərimizin
əbədiləşdirilməsi istiqamətində atılan addımlar sırasında Bakıda
Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin
yaradılmasını qeyd etməliyik. Azərbaycan əsgərinin İkinci Qarabağ
müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı
möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin
əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3
dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial
kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırıldı. 2024-cü il
noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirildi.
Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu,
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və
zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə
parkın ərazisində Zəfər muzeyi də yaradılır.
Tarixi Zəfərimizin reallıqlarının təbliğində 10 dekabr 2020-ci
ildə keçirilən Zəfər paradı da əhəmiyyətli rol oynadı. Bakının
Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan
əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak
etdilər. Paradı Azərbaycan Prezidenti, Azərbaycan Silahlı
Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri
qonaq qismində dəvət olunmuş qardaş Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğan qəbul etdilər. Paradda yerli və xarici rəsmi
qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr
edilən hərbi parad isə Xankəndi şəhərində keçirildi.
Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə açıq havada
yaradılan Hərbi Qənimətlər parkı da Zəfərimizin əbədiləşdirilməsi
istiqamətində atılan addımlar sırasındadır. 2021-ci il 12 aprel
tarixində Hərbi Qənimətlər Parkının açılışı oldu. Parkda
eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan
ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi
avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ
Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən
törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq
olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc
sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən
tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin
qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən
qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən
çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş
maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı
silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10
səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar,
Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər
qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan
yaradır.
Böyük Qayıdışın ünvanları artır
Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”
Sərəncam imzaladı. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış
Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi
müəyyən olunub. Azərbaycan öz torpaqlarını azad etməklə tarixi
inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə
səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox
ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən
müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin
minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir
yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi
fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası,
xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər
görülüb. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi
fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz
şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı
məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən
işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında
qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirdi.
Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin
imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu
mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji
tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı
texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Azad olunmuş
ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 milyard
manat vəsait ayrılmışdır. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və
kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası
tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası
təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25
yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış
məntəqəsinin isə təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərə
Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident
İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını
tapşırdı.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş
məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin
icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış
səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika
müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil
olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Azad Qarabağ və Şərqi Zəngəzur dirşəlir. Dövlət başçısı İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan
azad edilmiş ərazilərimizə çoxsaylı səfərlərinin hər biri Böyük
Qayıdış prosesinin daha da sürətləndirir. Böyük Qayıdış Proqramının
I mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi
köçkünün bu torpaqlara qayıdışı nəzərdə tutulur.
Qalib, bütövləşən Azərbaycan Zəfərinin beşinci
ildönümünü qürurla qeyd edir
Tarixi Zəfərimizin beş illiyini Azərbaycanın imza atdığı
möhtəşəm uğurların, Zəfərlərin fonunda qeyd edirik. Bu
reallıqlardan biri də Azərbaycanın regionda dayanıqlı sülhün təmin
edilməsi üçün Ermənistana təklif etdiyi sülh təklifinin reallığa
çevrilməsinə az bir müddətin qalmasıdır. Azərbaycanın ədalətə və
beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək yüksək
səviyyədədir. Bu ilin avqustunda dövlət başçısı İlham Əliyevin
ABŞ-a reallaşdırdığı işgüzar səfər çərçivəsində əldə olunan
Vaşinqton razılaşmaları özündə mühüm məqamları ehtiva edir.
Qalib, bütövləşən Azərbaycan Zəfərinin beşinci ildönümünü qeyd
edir. Bu beş il dünənimizə baxış, qarşıdakı dövrün hədəflərinin
təqdimatıdır. Uğurlarımız saysız-hesabsızdır. Onları sadalamaqla
bitməz. Əsas olan budur ki, Ümummilli Liderin şah əsəri olan müasir
müstəqil Azərbaycan Onun layiqli davamçısı, Prezident İlham
Əliyevin rəhbərliyi ilə qalib, bütövləşən Azərbaycana çevrildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il keçirilən
prezident seçkilərindən sonra andiçmə mərasimində yeni dövrün
hədəflərinin fonunda qətiyyətlə qeyd etdiyi kimi, yeni dövrə
alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük
nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin
tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra
edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi
daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.
Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi,
istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi
bütövlüyümüzü bərpa edə bilməzdik: “Uzun danışıqlar prosesi
çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli
sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün
qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı
ərazimizin hər bir yerində dalğalanacaq.”
Bu gün hər bir bayramımızı belə xoş ovqatda qeyd edirik. 8
Noyabr – Zəfər Günü, həmçinin Şuşa Şəhəri günüdür. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi
müjdəsini xalqa çatdırarkən səsləndirdiyi bu çağırışı bir daha
xatırlatmaq istərdik: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin
məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə
dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı
azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin
ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun
dünya azərbaycanlıları!”
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

