ABŞ-nin Perdyu Universitetində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin İndiana ştatının Perdyu Universitetində (Purdue
University) fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası 8
Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə
tədbir təşkil edib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə universitetin müxtəlif fakültələrində
təhsil alan, fərqli ölkə və mədəniyyətlərdən olan tələbələr iştirak
ediblər.




Perdyu Universiteti Azərbaycan Tələbə Assosiasiyasının İdarə
Heyətinin üzvü və II Azərbaycan Gənclər Forumunun iştirakçısı
Kamran Hacıbəyli çıxışında Zəfər Gününün və Dövlət Bayrağı Gününün
Azərbaycan xalqı üçün dərin mənəvi əhəmiyyətindən danışıb. O, belə
tədbirlərin xaricdə yaşayan azərbaycanlı gənclərin milli kimliyinin
qorunması və təbliği baxımından vacibliyini vurğulayıb. Tədbirdə,
həmçinin assosiasiyanın digər üzvləri – Kənan Qurbanov, Şəms
Adıgözəlzadə, Yusif Şükürlü, Kərim Abdullayev, Orxan Musayev Zəfər
Gününün önəmindən və təşkilatın gələcək planlarından bəhs
ediblər.

Tələbələr Azərbaycan musiqisinin sədaları altında rəqs edib,
milli mətbəximizin ləziz təamlarını dadıblar. İştirakçılar arasında
əyləncəli oyunlar, Azərbaycan tarixi və mədəniyyəti haqqında
viktorinalar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.
Tədbir həm əyləncəli, həm də maarifləndirici atmosferdə keçərək,
Azərbaycan mədəniyyətinin təbliği və tələbələr arasında mədəni
müxtəlifliyin təşviqinə töhfə verib

Azərbaycan Tələbə Assosiasiyası gələcəkdə də milli
bayramlarımızın qeyd olunması, eləcə də Azərbaycanın mədəni irsinin
təbliği məqsədilə müxtəlif tədbirlər keçirməyi planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir