
Bakı. Trend:
Azərbaycanın Mərkəzi Asiya məsləhət platformasına üzv qəbul
olunması barədə qəbul edilən qərar bu günkü reallıqda formata üzv
ölkələrin siyasi mövqeyini ifadə etməklə yanaşı, tarix boyunca
Xəzərin iki sahilini birləşdirən ortaq yaddaşın, ortaq yolun diktə
etdiyi ortaq gələcəyin də birgə qurulması barədə iradəsinin
ifadəsidir. Orta Dəhlizin getdikcə yüksələn əhəmiyyəti fonunda bu
addım həm iqtisadi, həm siyasi, həm də humanitar-mədəni müstəvidə
yeni bir intibahın, yüksəlişin əsasını yaradır və Azərbaycanın
regiondakı strateji rolunu daha da gücləndirir.
Trend xəbər verir
ki, bunu Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova deyib.
İqtisadi baxımdan, Azərbaycan bu platformaya daxil olmaqla Orta
Dəhlizin real ritmini dəyişdirəcək gücə malik olur.
Bakı–Tbilisi–Qars xətti, Ələt limanı, Xəzər üzərindən genişlənən
bərə donanması və rəqəmsallaşdırılan logistika sistemləri Orta
Asiya ilə Avropa arasında hərəkət edən ticari əlaqələrə yeni bir
impuls verir. Əgər bu Mərkəzi Asiya dövlətlərinin Orta Dəhliz
vasitəsilə dünyaya alternativ və daha təhlükəsiz çıxış əldə
etməsini təmin edirsə, Azərbaycan üçün tranzit mərkəzi olmaqdan
əldə edəcəyi gəlirləri və təsir imkanlarını artırmaqla hər iki
region ölkələri üçün qarşılıqlı gücləndirici prosesin davamlılığını
təmin edəcək faktor kimi əhəmiyyətini artırır.
Bu əməkdaşlıq elə bir mərhələyə qədəm qoyur ki, Xəzərin hər iki
sahilində iqtisadi maraqlar daha sıx uzlaşdırılmaqla dövlətlərin
həm gündəlik, həm də strateji səviyyədə yaxınlaşmasına yeni bir
təkan verəcəkdir.
Azərbaycan isə bu əməkdaşlığa daxil olmaqla regional ticarətin
də tənzimləyicisi kimi çıxış edir, açıq yollar, təhlükəsiz
dəhlizlər təqdim edən əhəmiyyətli bir ölkəyə çevrilir.
Siyasi müstəvidə bu üzvlük Mərkəzi Asiyada yaranan yeni güc
mərkəzinə Azərbaycanın təbii şəkildə daxil olmasını təmin edir.
Məşvərət mexanizmi təkcə fikir mübadiləsi üçün seçilmiş uyğun məkan
deyil, həmçinin regionun gələcəyinə dair ortaq planların
koordinasiyası deməkdir.
Azərbaycanın burada iştirakı ölkəmizin siyasi əhatəsinin
genişlənməsi, beynəlxalq miqyasda səsinin daha eşidilən olması və
regional təhlükəsizlik məsələlərində yeni tərəfdaşlıq imkanlarının
açılması ilə xarakterizə olunur.
Məhz Prezident İlham Əliyevin uzaqgörən regional siyasəti və
Xəzər hövzəsində əməkdaşlığı prioritet inkişaf xətti kimi müəyyən
etməsi bu prosesin sürətlənməsinə və Azərbaycanın Mərkəzi Asiyadakı
mövqeyinin daha güclü şəkildə qəbul olunmasına zəmin yaratmışdır.
Onun təşəbbüskarlığı Xəzər dənizinin ayırıcı deyil, birləşdirici
məkan kimi qəbul edilməsinə töhfə verərək region dövlətlərini vacib
məsələlər üzrə vahid məsuliyyət daşıyan tərəflərə çevirir.
Terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi, nəqliyyat
kommunikasiyalarının müdafiəsi kimi mövzularda ortaq məsuliyyət
siyasəti formalaşdırmaqla Azərbaycanın bu prosesdə oynadığı rolun
çəkisi daha da artır.
Beləliklə, geosiyasi həyatın ritmi Orta Dəhliz boyunca uzanan
geniş bir məkanın sabitliyinə bağlanır və burada Azərbaycanın səsi
xüsusilə eşidilir.
Humanitar-mədəni və mənəvi baxımdan isə bu yaxınlaşma öz
təsirini daha qabarıq şəkildə büruzə verir. Orta Asiya ilə
Azərbaycan ortaq tarix, ortaq dil kökləri, eyni dini-mənəvi düşüncə
və oxşar həyat fəlsəfəsi daşıyan xalqların sıx və iç-içə yaşadığı
bir məkandır.
Bu platformaya üzvlük həmin bağları rəsmi müstəviyə yüksəldir,
onları yenidən dərinləşdirir və xalqlar arasında bir-birinə olan
doğmalığı siyasi çərçivədən çıxarıb geniş bir mədəni birliyə
çevrilməsi üçün ciddi əsaslar yaradır.
Musiqidən ədəbiyyata, adət-ənənələrdən ailə dəyərlərinə qədər
uzanan ortaq mədəniyyət sahələri bir daha canlanır. Humanitar
proqramlar, tələbə mübadilələri, mədəniyyət günləri və ortaq
layihələr Xəzərin sularını bu böyük coğrafiyada yaşayan xalqlar
üçün bir mehribanlıq körpüsünə çevirir. Azərbaycan ilə Orta Asiya
xalqları arasında yaranan bu mənəvi bağ bəlkə də dövlətlərin ortaq
mövqeyindən daha çox insanların ruhunu bir araya gətirir.
Bu, xalqların yaddaşında yeni bir yaxınlıq, yeni bir intibah və
inkişaf üçün yeni bir dövrün daha sabit və səmimi bağlarla
möhkəmləndirilən bünövrəsini yaradır.
Beləliklə, Azərbaycanın Mərkəzi Asiya məsləhət platformasına
üzvlüyü həm Orta Dəhlizin güclənməsi, həm region ölkələri arasında
yeni interfeysin yaranması, həm də dərin mədəni birliklərin yenidən
canlanması üçün təbii və tarixdə xüsusi yeri olacaq bir qərar kimi
dəyərləndiriləcəkdir.
Bu qərarın qəbulunu şərtləndirən səbəb isə birmənalı olaraq
Prezident İlham Əliyevin strateji baxışına söykənən regional
əməkdaşlıq konsepsiyasının ardıcıl həyata keçirilməsi,Azərbaycanın
beynəlxalq güc mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi
istiqamətində apardığı siyasət və Mərkəzi Asiya ölkələrinin də bu
əməkdaşlığın yaratdığı imkanları layiqincə dəyərləndirməsi
faktıdır.

