Azərbaycan artıq istehlak edən yox, istehsal edən ölkə modelinə doğru inamla irəliləyir – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Son illərdə Azərbaycanın iqtisadi gündəliyində ən diqqətçəkən
istiqamətlərdən biri sənayeləşmə və qeyri-neft sektorunun
genişləndirilməsi siyasətidir. Qlobal enerji bazarlarında
dəyişkənlik, geosiyasi risklər və dünya iqtisadiyyatında artan
qeyri-müəyyənliklər fonunda ölkələrin yalnız təbii resurslara
əsaslanan modeldən uzaqlaşaraq, dayanıqlı və çoxşaxəli iqtisadi
struktura keçidi həyati zərurətə çevrilib. Azərbaycan da bu
çağırışları vaxtında düzgün qiymətləndirərək, istehsala, sənayeyə
və ixrac yönümlü iqtisadiyyata əsaslanan yeni inkişaf mərhələsinə
qədəm qoyub. Azərbaycan artıq istehlak edən yox, istehsal edən ölkə
modelinə doğru inamla irəliləyir.

Bunu Trend
politoloq Azər Qarayev deyib.

“Bu kontekstdə bu ay Sumqayıt Sənaye Parkında istifadəyə verilən
və təməli qoyulan yeni müəssisələr sadəcə ayrı-ayrı iqtisadi
layihələr deyil, bütövlükdə ölkənin gələcək iqtisadi modelinin
konkret ifadəsidir. Güzgü istehsalı, karton və qablaşdırma
sənayesi, polipropilen kisələr kimi sahələr ilk baxışdan kiçik
görünə bilər. Lakin əslində bu sahələr sənaye ekosisteminin əsas
sütunlarını təşkil edir və yüzlərlə digər sektorun inkişafına təkan
verir. Azərbaycanda sənaye parkları və sənaye məhəllələri
konsepsiyası ölkənin iqtisadi siyasətində strateji alət kimi
formalaşıb. Dövlət bu sahəyə təkcə təşviqedici deyil, həm də
sistemli yanaşma tətbiq edir: infrastruktur yaradılır, güzəştlər
verilir, maliyyə və institusional dəstək göstərilir. Nəticədə
sahibkarlar üçün risklər azalır, investisiya mühiti daha
proqnozlaşdırılan olur”, – o bildirib.

Politoloq qeyd edib ki, bu yanaşmanın real nəticələri artıq açıq
şəkildə görünür.

“Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul,
Ağdam və Cəbrayıl ərazilərini əhatə edən sənaye parkları təkcə
istehsal məkanları deyil, həm də yeni texnologiyaların, peşəkar
kadrların və ixrac yönümlü biznes modellərinin cəmləşdiyi iqtisadi
mərkəzlərə çevrilib. Burada yaradılan müəssisələr bir-biri ilə
əlaqəli şəkildə fəaliyyət göstərərək, ölkə daxilində əlavə dəyər
zəncirini formalaşdırır. Güzgü istehsalı zavodu, karton və
qablaşdırma müəssisələri, polipropilen kisə fabrikləri – bunların
hamısı idxaldan asılılığın azaldılması baxımından mühüm əhəmiyyət
daşıyır. Uzun illər ərzində bu kimi məhsulların böyük hissəsi
xaricdən gətirilirdi. Bu isə həm valyuta itkisi, həm də təchizat
zəncirlərindən asılılıq demək idi. Yeni istehsal sahələrinin
yaradılması ilə Azərbaycan daxili bazarın tələbatını yerli məhsulla
ödəmək imkanı qazanır. Bu, xüsusilə böhran dövrlərində strateji
əhəmiyyət kəsb edir. Qlobal ticarətdə baş verən fasilələr,
logistika problemləri və qiymət artımları fonunda daxili istehsal
iqtisadi təhlükəsizliyin əsas dayağına çevrilir. Eyni zamanda, bu
müəssisələr yalnız daxili bazar üçün deyil. Onların məhsulları
artıq onlarla ölkəyə ixrac olunur. Bu isə qeyri-neft ixracının
artması, milli valyutanın möhkəmlənməsi və ölkənin beynəlxalq
iqtisadi mövqelərinin güclənməsi deməkdir”, – o bildirib.

A.Qarayev vurğulayıb ki, yeni zavodların açılması minlərlə insan
üçün iş yeri deməkdir.

“Bu, sadəcə statistik göstərici deyil – hər bir iş yeri bir
ailənin rifahı, bir gəncin gələcəyə inamı və cəmiyyətin sosial
sabitliyi deməkdir. Xüsusilə regionlarda yaradılan sənaye
məhəllələri paytaxta miqrasiyanın qarşısının alınmasında və yerli
icmaların iqtisadi fəallaşmasında mühüm rol oynayır. Sənaye
parklarında yaranan iş yerləri təkcə fiziki əmək deyil, eyni
zamanda mühəndislik, texnologiya, logistika, marketinq və idarəetmə
kimi sahələri də əhatə edir. Bu isə ölkədə peşəkar kadr bazasının
genişlənməsinə və gənclərin müasir ixtisaslara yönəlməsinə stimul
yaradır. Yeni müəssisələrin əksəriyyəti Çin, Almaniya, Türkiyə kimi
ölkələrin qabaqcıl texnologiyaları əsasında qurulur. Bu,
Azərbaycanda sənayenin keyfiyyətcə yeni mərhələyə keçməsi deməkdir.
Avtomatlaşdırma, rəqəmsal idarəetmə, enerji səmərəliliyi və ekoloji
standartlar artıq istehsalın ayrılmaz hissəsinə çevrilir. Bu da
ölkə məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini
artırır. Yəni, söhbət təkcə çox istehsal etməkdən yox, keyfiyyətli
və standartlara uyğun məhsul buraxmaqdan gedir”, – o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın sənaye siyasətinin əsas
fərqləndirici cəhətlərindən biri dövlətlə biznes arasında
formalaşan tərəfdaşlıq modelidir. Dövlət infrastruktur yaradır,
güzəştlər verir, maliyyə dəstəyi göstərir. Sahibkar isə istehsal
qurur, iş yeri yaradır, ixrac edir və vergi ödəyir.

“Vergi və gömrük güzəştləri, ucuz kreditlər, hazır sənaye
sahələri bu modelin əsas dayaqlarıdır. Nəticədə ölkəyə həm yerli,
həm də xarici investorların marağı artır. Sənaye parkları artıq
“riskli layihə” deyil, “proqnozlaşdırılan gəlir” məkanı kimi qəbul
olunur. Xüsusilə azad edilmiş ərazilərdə sənaye parklarının
yaradılması yeni mərhələnin başlanğıcıdır. Ağdam və Cəbrayıl
istiqamətində formalaşan “Araz Vadisi İqtisadi Zonası” təkcə
iqtisadi layihə deyil, həm də sosial-siyasi reabilitasiyanın mühüm
elementidir. Bu bölgələrdə istehsalın qurulması məcburi köçkünlərin
qayıdışı, regionların dirçəlişi və iqtisadi həyatın bərpası üçün
əsas zəmin yaradır”, – o bildirib.

Politoloq qeyd edib ki, bu gün Azərbaycanda açılan hər yeni
zavod, qurulan hər yeni xətt ölkənin gələcəyinə qoyulan
sərmayədir.

“Bu, yalnız iqtisadi göstəricilərlə ölçülmür. Bu, müstəqil
qərarvermə imkanları, sosial sabitlik, regional güc və qlobal
rəqabət qabiliyyəti deməkdir. Sumqayıtda açılan güzgü, karton və
polipropilen müəssisələri bu böyük strategiyanın yalnız bir
hissəsidir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan artıq
istehlak edən yox, istehsal edən ölkə modelinə doğru inamla
irəliləyir. Bu yol isə uzunmüddətli rifahın, iqtisadi
təhlükəsizliyin və milli inkişafın ən etibarlı təminatıdır”, –
A.Qarayev əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir