
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna müharibəsinin
dayandırılması ilə bağlı saziş üçün müəyyən edilmiş dəqiq bir son
tarix mövcud deyil.
Trend xəbər verir ki, Tramp
bunu Florida ştatına yollanarkən təyyarədə jurnalistlərə açıqlayıb.
Söhbətin audioyazısı Ağ Evin mətbuat xidməti tərəfindən
yayımlanıb.
“Bilirsiniz, mənim üçün son tarix nədir? Bu müharibə bitdiyi
an”, – deyə ABŞ-ın sülh planının şərtlərinin 27 noyabra qədər
razılaşdırılması ilə bağlı əvvəlki açıqlamasına dair verilən sualı
cavablandırarkən söyləyib.
O, həmçinin vurğulayıb ki, Vaşinqtonun Avropadakı tərəfdaşları
Ukraynaya təhlükəsizlik təminatlarının verilməsində daha fəal
iştirak edəcəklər.
“Avropa bu prosesdə mühüm rol oynayacaq. Biz bu məsələni Avropa
ilə koordinasiya edirik. Avropanın da bu münaqişənin yekunlaşmasını
çox istədiyi açıq-aşkardır”, – Tramp təhlükəsizlik zəmanətlərinin
necə razılaşdırılacağına dair suala cavabında qeyd edib.

