
Bakı.Trend:
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, SOCAR və
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə
təşkilatçılığı ilə 10 dekabr 2025-ci il tarixində “Marriott Hotel
Boulevard”da III Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, “Dönüş nöqtəsi” konsept mesajı ilə təşkil
olunacaq tədbir dövlət və özəl sektorun nüfuzlu nümayəndələrini bir
araya gətirərək sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim
dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni
yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün
strateji platforma rolunu oynayacaq.
Sənaye Təhlükəsizliyi Zirvəsində Fövqəladə Hallar Nazirliyi,
SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA)
arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin
qorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıq
memorandumunun imzalanması nəzərdə tutulur. Memorandum çərçivəsində
tərəflər təhlükəsizlik normativləri, ISO idarəetmə sistemləri və
ESG prinsipləri üzrə birgə fəaliyyət göstərəcəklər.
Tədbir ümumilikdə “Qırmızı xətt” panelindən, “Safe Talks” adlı
müzakirədən və “HSE Awards” təltifetmə mərasimindən ibarət olacaq.
Proqram, həmçinin 10 spiker və 2 moderatorun iştirakı ilə üç əsas
sessiyada keçiriləcək.
“Qırmızı xətt” adlı paneldə ekspertlər sənaye təhlükəsizliyində
texnologiya və süni intellektin tətbiqinin yaratdığı yüksək risk
zonalarını, texnologiyanın insan faktorunu hansı hallarda əvəz edə
bilmədiyini, süni intellektin yaratdığı fürsətləri müzakirə
edəcəklər.
“Safe Talks” sessiyası AISA-nın sənaye təhlükəsizliyi, əməyin
mühafizəsi və ətraf mühitin qorunması sahəsində maarifləndirici
podkast seriyasının davamı olaraq ilk dəfə canlı formatda təqdim
ediləcək. Xüsusi qonağın iştirakı ilə keçiriləcək interaktiv
müzakirələr təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə
verəcək.
“HSE Awards” təltifetmə mərasimində isə fərqli sənaye sektorları
üzrə sağlamlıq, təhlükəsizlik və ətraf mühit təcrübələrində
fərqlənən təşkilat və şəxslər mükafatlandırılacaq. Bu mükafatlar
SƏTƏMM sahəsində mükəmməllik yanaşmasını təşviq etməyə və daha
təhlükəsiz, dayanıqlı biznes həllərini önə çıxarmağa xidmət
edir.

