
Bakı. Trend:
İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) energetika
nazirlərinin beşinci iclası çərçivəsində energetika naziri Pərviz
Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan
Bayraktarla görüşüb.
Trend xəbər verir ki, bu
barədə Energetika Nazirliyi məlumat yayıb.
Görüşdə son bir il ərzində enerji əməkdaşlığının inkişafından
məmnunluq ifadə edilib. Karbohidrogen, bərpa olunan enerji və
regional enerji bağlantı layihələri üzrə əməkdaşlığın cari
vəziyyəti müzakirə edilib. Bu ilin on ayı ərzində Azərbaycandan
Türkiyəyə 594 milyon kVt-saat elektrik enerjisinin ixrac edildiyi
qeyd olunub.
Türkiyədə elektrik enerjisinə artan tələbat fonunda iki ölkə
arasında elektrik enerjisi interkonnektorlarının qurulmasının
vacibliyi vurğulanıb. Bu xüsusda, Naxçıvandan birbaşa və Zəngəzur
dəhlizi vasitəsilə Azərbaycan (Naxçıvan) -Türkiyə Enerji Qovşağı
layihəsinin icrası nəzərdən keçirilib. Habelə “Mərkəzi
Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” çərçivəsində Türkiyə ilə
əməkdaşlıq imkanları dəyərləndirilib. Bu layihələrin TDT formatında
enerji əlaqələrinin möhkəmləndirməsinə töhfə verəcəyi
bildirilib.

