
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya
Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu
ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident,
Əlamətdar tarix – İtaliya Respublikasının yaranmasının 80-ci
ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən
məmnunluq duyuram.
İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji
tərəfdaşıdır. Şadam ki, ölkələrimiz arasında münasibətlər
qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü
strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla
zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə
inkişafına xüsusi əhəmiyyət veririk.
Keçən ilin oktyabrında Sizin Azərbaycana ikinci dəfə rəsmi səfər
etməyiniz dövlətlərarası əlaqələrimizin və aramızdakı siyasi
dialoqun yüksək səviyyəsindən xəbər verir. Səfər çərçivəsində
İtaliya-Azərbaycan Universitetinin açılışında birgə iştirakımız
ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına ən ali
səviyyədə göstərilən diqqətin təzahürüdür.
Siyasi əlaqələrimizin yüksək səviyyəsi Azərbaycan-İtaliya
qarşılıqlı fəaliyyətinin inkişafında mühüm rol oynayır. Bu gün
ikitərəfli gündəliyimizdə duran məsələlərin spektri çox genişdir.
Uğurlu iqtisadi-ticari, enerji, sənaye istehsalı tərəfdaşlığından
tutmuş təhsilə qədər uzanan və ildən-ilə yeni sahələri əhatə edən
əməkdaşlığımız strateji xarakter daşıyır. İqtisadi əlaqələrimizin
mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə,
müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın
şaxələndirilməsi qarşımızda duran əsas məsələlərdəndir.
Əminəm ki, Azərbaycan-İtaliya dostluğunun və etibarlı
tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli
genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla
davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq
və rifah arzulayıram”.

