
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 10-da ölkəmizdə
səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord
Olderdaysla görüşüb.
Bu barədə Trend-ə
Parlamentdən məlumat verilib.
Görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli
əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan
enerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir. İki
ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli
səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan
Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş
Krallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçün
ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmi
diqqətə çatdırılıb.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin
parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu
bildirərək, özünün 2022-ci ildə Böyük Britaniyaya rəsmi səfərini
xatırladıb və həmin səfər çərçivəsində keçirdiyi görüşlərin və
aparılan müzakirələrin parlamentlərarası münasibətlərin inkişafı
baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, Milli Məclisin
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə
parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan
biridir. Spiker Sahibə Qafarova qanunvericilik orqanları arasında
əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və
sıx dialoqun əhəmiyyətini qeyd edib.
Görüş üçün təşəkkürünü bildirən Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə
ticarət elçisi Lord Olderdays iki ölkə arasında müxtəlif sahələrdə
əməkdaşlığın inkişafından danışıb, parlamentlərarası əlaqələrin
daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Qonaq Azərbaycanın olduqca əlverişli geostrateji mövqeyi, Orta
Dəhlizin fəaliyyətindəki əhəmiyyətli rolu, yeni istiqamətlər və
sahələr üzrə əməkdaşlıq imkanları, Azərbaycanda keçirilmiş COP29-un
əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı arasında iqtisadi, siyasi, təhsil, bərpaolunan
enerji, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da
inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə
çatdırılıb.

