
Bakı. Trend:
Bu gün Bakıda Beynəlxalq Dağlar Günü münasibətilə “Alp
dağlarından Qafqaz dağlarına, dağlıq bölgələrin gələcəyi: regional
şəhər və qəsəbələr dayanıqlı inkişafın aparıcı qüvvəsi kimi”
mövzusunda seminar keçirilib.
Trend xəbər verir ki, tədbir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Birləşmiş Millətlər
Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) birgə
tərəfdaşlığı ilə İsveçrə Konfederasiyasının Azərbaycandakı
Səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Seminar 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi “Azərbaycan
Şəhərsalma Kampaniyası” (AUC2026) çərçivəsində təşkil olunub.
Məqsəd dağlıq regionların dayanıqlı inkişafın sosial-iqtisadi
sütunları olduğunu vurğulamaq, bu istiqamətdə ortaq çağırışları
beynəlxalq ekspertlər ilə müzakirə etmək, şəhərsalma, turizm və
mədəni irs əsaslı regenerasiya imkanlarını nəzərdən
keçirməkdir.
Yerli və xarici ekspertlərin, mütəxəssislərin, diplomatik
nümayəndəliklərin və beynəlxalq təşkilatların sahəvi əməkdaşlarının
qatıldıqları tədbirdə müzakirələr regional əlaqələrin
gücləndirilməsi, innovasiya, iqlimə adaptasiya, turizmin inkişafı,
kənd təsərrüfatı və yaşayış mühitinin dayanıqlılığı mövzularını
əhatə edib.
Seminardan sonra bugünkü müzakirələrin nəticəsi olaraq WUF13
üçün ekspert qrupu tərəfindən yol xəritəsi hazırlanıb. Mövzunu
davam etdirmək məqsədilə iştirakçılar gələn ilin mart ayında ikinci
seminarın keçirilməsi barədə razılığa gəliblər.
Komitə tərəfindən “Azərbaycan Şəhərsalma Kampaniyası”
çərçivəsində müxtəlif mövzularda tədbirlərin keçirilməsi davam
etdiriləcəkdir.

