
Bakı.Trend:
Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə
səviyyəsində çalışan uzaq səfərlər kapitanları və baş mexaniklərlə
görüş olub.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.
Qeyd edilib ki, görüş zamanı dənizçiləri maraqlandıran suallara
cavab verilib və bir sıra mövzular ətrafında müzakirələr
aparılıb.
Ünvanlanan suallara cavab olaraq bildirilib ki, dənizçilərin
sertifikatlaşdırılması prosesi “Dənizçilərin hazırlanmasına, onlara
diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın
(DHDNÇ) tələblərinə əsasən həyata keçirilir.
Belə ki, müvafiq sahəni tənzimləyən beynəlxalq hüquqi aktların
tələbləri nəzərə alınmaqla dənizçilərin sertifikatlaşdırılması ilə
bağlı prosedurların sadələşdirilməsi istiqamətində davamlı
tədbirlərin həyata keçirilməsi, həmçinin milli qanunvericilikdə
zəruri dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
Tədbir çərçivəsində naviqasiya təhlükəsizliyi, texniki istismar,
heyətin idarə olunması, yoxlamaların nəticələri, beynəlxalq bazarda
iş imkanları, xüsusilə də yüksəktonnajlı tanker və konteyner
gəmilərində işləmək imkanları nəzərdən keçirilib. Dənizçilərin
bununla bağlı fikirləri, eləcə də agentlik tərəfindən tətbiq olunan
yeni tələblər və tövsiyələr barədə fikir mübadiləsi aparılıb.

