
Bakı.Trend:
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə
“MEDİA Savadlılığı” Həftəsi çərçivəsində növbəti dəfə “Kreativ
Media – Bakı” adlı məzmun müsabiqəsi elan edilir.
Trend xəbər
verir ki, bu barədə Medianın İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqə jurnalistika və kommunikasiya ixtisası
üzrə təhsil alan, eləcə də media sahəsinə maraq göstərən digər
ixtisasdan olan tələbələri əhatə edir.
Müsabiqənin keçirilməsinin əsas məqsədi media savadlılığı və
dezinformasiya ilə mübarizədə yeni məzmun ideyalarının yaradılması,
gənclər üçün peşəkarlaşma, eyni zamanda ixtisaslaşmanın təşviq
edilməsidir.
Müvafiq müsabiqəyə “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal
cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın
təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial
məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış
məqalələrlə müraciət etmək mümkündür.
Müsabiqə üçün dil, həcm və janr məhdudiyyəti nəzərdə
tutulmur.
Qiymətləndirmə materialın yaradıcı, orijinal və maarifləndirici
əhəmiyyətli olması, jurnalistikanın prinsiplərinə uyğunluğu, eləcə
də plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi
nəzərə alınmaqla aparılacaq.
20 dekabr saat 12:00-dək göstərilən linkdəki elektron qeydiyyat
formasını dolduraraq müraciət edə bilərsiniz.
Qeyd edək ki, qaliblərə hədiyyə və sertifikatların təqdim
edilməsi, həmçinin onların məqalələrinin peşəkar onlayn media
subyektlərində paylaşılması nəzərdə tutulur.
Müraciət üçün son tarix: 20 dekabr 2025-ci il, saat 12:00
Qeydiyyat linki:
https://shorturl.at/50FOD

