
Bakı. Trend:
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar)
barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə
prosesi davam edib.
Trend xəbər
verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə vəkil Asim
Abbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatəti
səsləndirib.
Vəkil bildirib ki, mütəxəssis rəyində yeyinti sözü yazılsa da,
cinayət predmeti kimi Cinayət Məcəlləsinin müvafiq maddələrində əks
olunsa da, iş üzrə tənqidi hal kimi yanaşılıb.
Həmçinin vəkil əlavə edib ki, AMEA-nın Dilçilik İnstitutunun
direktoru Ramiz Mehdiyevin vəzifədə olan zaman təyin edilib. Bu da
ona əsas verir ki, rəy qərəzlidir. Rəyin sübutlar siyahısından
çıxarılmasını xahiş edirəm.
Müdafiə tərəfin vəkili Ülvi Nəsibli bildirib ki, Bir az da
keçsə, Emil Səməndərovu da Ramiz Mehdiyevlə əlaqələndirəcəklər.
Vəkil Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər
olmalıdır. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə
olmayıb.
Təqsirləndirilən İsfəndiyar Axundov bildirib ki, Ramiz
Mehdiyevlə əlaqəsi yoxdur. Və onunla əlaqəsi olan şəxslər
cəzalanacaq.
Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm
təqsirləndirilən şəxs özü, həm də övladı bizimlə danışıqlara gedib
və razılaşma ilə bağlı zənglər edib.
Məhkəmə rəyin sübutlar siyahısından çıxarılması ilə bağlı
vəsatəti baxılmamış saxlayıb.
Həmçinin məhkəmə əvvəlki prosesdə vəkil Asim Abbasovun rəyi
verən mütəxəssisin dindirilməsi ilə bağlı verdiyi vəsatəti təmin
etməyib.
Daha sonra sənədlər tədqiq edilib.
Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqını
yekunlaşıb.
Xüsusi ittiham qaydasında iddia qaldıran Emil Səməndərovun
vəkili çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi 22 dekabra təyin edilib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin
147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham
qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress
2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə,
İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovu
dələduz kimi təqdim edib.

