“Naxtel” MMC-nin digər mobil operatorlara miqrasiyası başa çatdırılıb

Baş səhifə

Bakı.Trend:

19 dekabr 2025-ci il tarixində “Naxtel” MMC-nin fəaliyyətinin
dayandırılması və abunəçilərin digər mobil operatorlara miqrasiyası
uğurla başa çatdırılıb.

Trend xəbər
verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu genişmiqyaslı layihə Azərbaycan
telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və bazar
iştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçi
məmnuniyyəti prinsipi əsasında həyata keçirilib.

Layihə çərçivəsində İKTA, “Naxtel”, yeni abunəçiləri qəbul edən
mobil operatorlar “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC,
həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)
tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC vahid əməliyyat
komandası kimi fəaliyyət göstərərək texniki sistemlərin
uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi
üçün zəruri tədbirlər həyata keçiriblər. İKTA tərəfindən
iştirakçılar arasında fasiləsiz kommunikasiya və operativ
qərarvermə mexanizmi təmin olunub.

105 mindən çox “Naxtel” abunəçisinin digər mobil operatorların
şəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin
15.01.2026-ci il tarixindək davam etdirilməsi planlaşdırılıb. Bu
proses çərçivəsində abunəçilərin istifadəsində olan “060” prefiksli
mobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşma
abunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərinin
qorunmasına hədəflənib.




Bununla yanaşı, qəbul edən mobil operatorlar tərəfindən “Naxtel”
abunəçiləri üçün xüsusi tarif paketləri tətbiq olunub, bu
paketlərin formalaşdırılmasında abunəçilərin öyrəşdikləri tarif
xərclərinin maksimum dərəcədə saxlanılması əsas götürülüb. Həmçinin
Naxçıvan Muxtar Respublikası ərazisində telekommunikasiya
infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar
atılıb. Belə ki, fəaliyyət göstərən mobil operatorlar tərəfindən
ilkin mərhələdə 30-dan çox yeni baza stansiyasının quraşdırılması
təmin olunub.

Miqrasiya prosesində ölkənin ümumistifadəli telekommunikasiya
şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarının
hər biri fəaliyyət istiqamətlərinə uyğun olaraq, texniki
sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın
təmin edilməsi üçün vahid komanda kimi fəaliyyət göstərib. Texniki
proseslərin problemsiz gedişatı və yarana biləcək çətinliklərin
operativ həlli üçün İKTA tərəfindən iştirakçılar arasında davamlı
kommunikasiya təmin olunub.

Qeyd olunub ki, bütün proses boyu abunəçi hüquqlarının qorunması
prioritet təşkil edib. Mobil operatorlar müştərilərlə aktiv
ünsiyyət quraraq onları mərhələlər barədə məlumatlandırıb, İKTA isə
bu prosesin şəffaflığını dəstəkləyib. Nəticədə, vətəndaşlar üçün
keçid prosesi rahat və əlçatan olub.

Bu təcrübə Azərbaycanın telekommunikasiya bazarında operatorlar
və tənzimləyici qurum arasında sağlam tərəfdaşlıq mühitinin
mövcudluğunu, mürəkkəb və genişmiqyaslı layihələrin birgə səylərlə
uğurla icra edilə biləcəyini nümayiş etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir