
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də aparılan danışıqlar
zamanı müzakirə olunan Ukraynada münaqişənin nizamlanması planının
bütün bəndlərini açıqlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ukrayna liderinin sözlərinə görə, plan ümumilikdə 20 bənddən
ibarətdir. Onların sırasında NATO-nun kollektiv müdafiə prinsipini
təsbit edən beşinci maddəsinə bənzər şəkildə Ukraynaya
təhlükəsizlik zəmanətlərinin verilməsi; Moskva və Kiyev arasında
hücum etməmə barədə razılaşma; sülh dövründə Ukrayna Silahlı
Qüvvələrinin (USQ) sayının 800 min nəfərə çatdırılması; “hamı
hamıya” formatında əsir mübadiləsi; Ukraynada seçkilərin
keçirilməsi yer alır.
“Ukrayna müəyyən vaxtda Avropa İttifaqının (Aİ) üzvü olacaq…
Bərpa məsələlərinin həlli üçün bir neçə fond yaradılacaq, məqsəd
800 milyard dolların cəlb edilməsidir. Ukrayna ABŞ ilə azad ticarət
sazişinin bağlanması prosesini sürətləndirəcək və Ukraynanın
nüvəsiz statusu təmin olunacaq”, – deyə Zelenski bildirib.

