
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi beş istiqamətdə fəaliyyət göstərəcək.
“APA-Economics” xəbər verir ki, bu, Agentliyin Nizamnaməsində öz əksini tapıb.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
– dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirmək və icra göstəricilərini təhlil etmək;
– dövlət müəssisələrinin xalis mənfəətindən dövlət büdcəsinə dividendlərin ödənilməsinə nəzarəti həyata keçirmək;
– dövlət müəssisələrinin maliyyə və digər risklərini müəyyən etmək və bu risklərin dövlət maliyyəsinə təsiri potensialını qiymətləndirmək, dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək;
– dövlət müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsait üzrə büdcə proqnozunun tərtibində iştirak etmək;
– Prezidentin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

