
Bakı. Trend:
Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə
mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən
dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə
təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi
(təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı
olan könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanda (qurumda) icbari sığorta olunacaqlar.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar
istisna olmaqla, digər sığortalılarda çalışan şəxslər, habelə
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada
sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər yerli
hüquqi şəxslərdə icbari sığorta olunacaqlar.
Yuxarıda nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata
keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar
əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən ediləcək.
Yuxarıda nəzərdə tutulmuş sığorta olunanların icbari sığortası
üzrə sığorta ödənişinin məbləği və verilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən olunacaq.
Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına
formalaşacaq:
- yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üzrə ödənilən
sığorta haqları; - sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin təhlükəsizlik
göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda
depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər; - qanunda nəzərdə tutulmuş digər mənbələr.
Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə
olunacaq:
- yuxarıda nəzərdə tutulmuş sığorta olunanlara sığorta
ödənişlərinin verilməsinə; - əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi
məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilən hallarda əlilliyi olan şəxslərin və şəhid
ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı
tədbirlərin maliyyələşdirilməsinə; - sığorta ehtiyatı fondunun yaradılmasına;
- idarəetmə xərclərinə;
- qanunla müəyyən edilən digər istiqamətlərə.
Əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi
məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalar yuxarıda
nəzərdə tutulmuş sığorta olunanlar üzrə ödənilən sığorta haqqının
10 faizi miqdarında müəyyən ediləcək.
İdarəetmə xərcləri yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar
üzrə ödənilən sığorta haqqının 5 faizədək miqdarında müəyyən
ediləcək və bu vəsaitin xərclənməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xərclər
smetasına uyğun olaraq həyata keçiriləcək.
Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan
istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) təsdiq edəcək.
Sığorta ehtiyatı fondu sığorta haqlarının illik proqnoz həcminə
bərabər olduqda sığorta ehtiyatı fondunun artırılması
dayandırılacaq, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir
isə əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi
məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara
yönəldiləcək.
Yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üzrə sığorta ödənişi
almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində
sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları
üzrə illik gözlənilən daxilolmadan artıq olduqda gözlənilən sığorta
ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar
arasındakı kəsir sığorta ehtiyatı fondunun hesabına
maliyyələşdiriləcək.
Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı,
sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitə
yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin
maliyyələşdirilməsinə yönəldiləcək.
Yuxarıda nəzərdə tutulmuş sığortalılar tərəfindən bu Qanunun
tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən
tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
maddi-texniki bazasının yaxşılaşdırılması və işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına
köçürüləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

