“ConstructionTech Incubation” proqramının qalibləri elan edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnnovasiya
və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata
keçirilən “ConstructionTech Incubation” layihəsi çərçivəsində
inkubasiya proqramı başa çatıb və qaliblər müəyyənləşdirilib.

Yekun tədbirdə bildirilib ki, layihənin əsas məqsədi tikinti və
inşaat sahəsində innovativ startap təşəbbüslərinin inkişafını
təşviq etmək, gənclərin rəqəmsal bacarıqlarını gücləndirmək və yeni
texnoloji həllərin formalaşmasına dəstək verməkdir. Proqram
çərçivəsində iştirakçılar üçün təlimlər, mentorluq görüşləri və
ustad dərsləri təşkil olunub.

AzMİU rəhbərliyinin nümayəndələri çıxışlarında layihənin ölkədə
innovasiya ekosisteminin formalaşmasına töhfə verdiyini,
universitetdə innovasiyayönümlü təhsil mühitinin yaradılmasının
prioritet istiqamətlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub
ki, proqram iştirakçılarının əldə etdiyi bilik və təcrübə onların
gələcək peşəkar fəaliyyətində mühüm rol oynayacaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi
layihənin uğurla icra edildiyini, iştirakçıların fəallığının və
marağının yüksək səviyyədə olduğunu bildirib və bu tip
təşəbbüslərin davamlılığının vacibliyini qeyd edib.




Məlumata görə, inkubasiya proqramına ümumilikdə 18 komanda
müraciət edib, onlardan 11-i seçilərək proqrama cəlb olunub.
İnkubasiya dövründə 10 təlimçi tərəfindən 20 təlim keçirilib, 12
mentor və 5 ekspertin iştirakı ilə ustad dərsləri təşkil olunub.
Seçim meyarlarına əsasən 6 startap komandası final mərhələsinə
yüksəlib.

Final günü münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 3
startap komandası qalib elan olunub. Birinci yerə “Contheron”
komandası layiq görülərək 5500 manat mükafat qazanıb. İkinci yerin
qalibi “İnvictus” komandası 4000 manat, üçüncü yerin sahibi olan
“Groove” komandası isə 3000 manat mükafat əldə edib.

Qeyd edək ki, “ConstructionTech Incubation” kimi layihələr
AzMİU-nun innovasiyayönümlü memarlıq və inşaat təhsili sahəsində
mövqeyini gücləndirməklə yanaşı, gənclərin startap ekosisteminə
inteqrasiyasına və texnoloji sahibkarlığın inkişafına mühüm töhfə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir