
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, “Gənclərin xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair
2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci
tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat,
magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək
təhsil proqramlarının siyahısı müəyyən edilib.
Trend xəbər verir ki, yeni siyahıya əsasən, namizədlərə 15 prioritet
ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231
nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram
üzrə təhsil almaq imkanı yaradılıb.
Prioritet 15 ixtisas bunlardır: informasiya texnologiyaları;
mühəndislik; statistika və verilənlərin təhlili; fundamental və
tətbiqi elmlər; ictimai səhiyyə; təhsil; ətraf mühit; aviasiya və
kosmos; dövlət idarəetməsi; nəqliyyat və logistika; energetika;
iqtisadiyyat; maliyyə; arxitektura və dizayn; kənd təsərrüfatı.
Siyahıda qeyd edilən universitetlərdən 2026/2027-ci tədris
ilində “Times Higher Education”, “QS World University Rankings” və
“Academic Ranking of World Universities (Shanghai)” reytinq
sistemində ilk 200-lükdə yer alan doktorantura proqramlarına qəbul
almış şəxslər Dövlət Proqramına müraciət edə bilərlər.
Dövlət Proqramı çərçivəsində sənəd qəbulu dövründə yalnız
ənənəvi təhsil (offline) və doktorantura dərəcələri üzrə yalnız
siyahıda yer alan ATM üzrə (ikili və birgə diplomları nəzərə
alınmır) qəbul sənədlərinin qiymətləndirilməsi aparılır.
Eyni zamanda, 15 prioritet ixtisas sahələri ilə yanaşı
2026/2027-ci tədris ilində “Times Higher Education”, “QS World
University Rankings” və “Academic Ranking of World Universities
(Shanghai)” reytinq sistemində yalnız “universitetlər üzrə top
10″da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan,
siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat,
magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər
Dövlət Proqramına müraciət edə bilərlər. Ötən illərdə University
College London (UCL) üzrə göndərilən namizədlərin sayını nəzərə
alaraq bu yanaşma 2026/2027-ci tədris ilində UCL üçün tətbiq
olunmayacaq və yalnız siyahıda olan proqramlar üzrə müraciətlər
qəbul olunacaq.
Prioritet ixtisas sahələri ilə yanaşı, “mədəniyyət və incəsənət”
sahəsi üzrə ayrıca əlavə olunmuş siyahıya uyğun nüfuzlu ali təhsil
müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura
proqramlarına qəbul almış şəxslər dövlət proqramına müraciət edə
bilərlər.
Siyahıların açıqlandığı dövr ərzində aşağıda verilən proqramlar
sırasında müvafiq ali təhsil müəssisəsi tərəfindən təhsilin forması “executive”, “distant” və “non-degree”, tərəfdaş universiteti
siyahıda olmayan “joint degree” formatına dəyişdirilə bilər.

