Koreya universitetləri ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq
Kımqu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Səfir AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə
Məmmədova və universitetin nümayəndələri ilə görüşüb.

Görüşdə professor Gülçöhrə Məmmədova ölkələrimiz arasında mövcud
dostluq münasibətlərinin universitetlərarası əməkdaşlıqda mühüm rol
oynadığını vurğulayıb, AzMİU üçün beynəlxalq əməkdaşlığın prioritet
istiqamətlərdən biri olduğunu bildirib. Rektor Koreya
universitetləri ilə mövcud əlaqələrin genişləndirilməsinin və yeni
əməkdaşlıqların qurulmasının vacibliyini qeyd edib.

Çıxışında AzMİU-nun 50 illik fəaliyyətinə və Azərbaycanda
memarlıq və inşaat təhsilinin 105 illik ənənəsinə toxunan rektor
universitetin müasir maddi-texniki bazası, yenilənmiş
laboratoriyaları, rəqəmsal texnologiyaların tətbiqi, güclü kadr və
elmi potensialı haqqında məlumat verib. Bildirib ki, AzMİU
memarlıq, şəhərsalma, inşaat, su təsərrüfatı və mühəndis
kommunikasiya sistemləri üzrə ölkənin aparıcı kadr hazırlığı
mərkəzidir və eyni zamanda informasiya texnologiyaları və digər
sahələr üzrə elmi tədqiqatlar aparan mühüm elmi mərkəzdir. Rektor
universitetin beynəlxalq reytinqlərdə mövqelərini ardıcıl şəkildə
möhkəmləndirdiyini də diqqətə çatdırıb.




Səfir Kanq Kımqu səmimi qəbula görə təşəkkür edərək Koreya
universitetləri ilə AzMİU arasında əməkdaşlığın inkişafına dəstək
verməyə hazır olduqlarını bildirib. O, əməkdaşlığın mərhələli
şəkildə qurulmasını nəzərdə tutan ilkin yol xəritəsi təklif edib.
İlkin mərhələdə tələbə və professor-müəllim mübadiləsi
proqramlarının həyata keçirilməsi, birgə elmi seminar və
konfransların təşkili, növbəti mərhələdə isə ikili diplom
proqramlarının icrası məqsədəuyğun hesab edilib.

Görüşdə AzMİU nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyi (KOİCA) ilə əlaqələrin qurulması istiqamətində atılan
addımlar barədə məlumat verərək, bu prosesdə Koreya səfirliyinin
dəstəyinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, AzMİU Koreya
ali təhsil müəssisələrinin memarlıq, şəhərsalma, inşaat və
informasiya texnologiyaları sahələrində qabaqcıl təcrübəsinin
öyrənilməsində maraqlıdır.

Görüşdən sonra səfir AzMİU-nun Memarlıq və Dizayn fakültələrində
olub, fakültələrin maddi-texniki bazası və tədris prosesi ilə tanış
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir