Azərbaycan–Çin iqtisadi tərəfdaşlığı: strateji seçimdən hərtərəfli əməkdaşlığa

Baş səhifə

Bakı. Trend:

Qlobal iqtisadiyyatın parçalandığı, təchizat zəncirlərinin
yenidən formalaşdığı və enerji keçidinin sürətləndiyi bir dövrdə
Azərbaycan–Çin münasibətlər ikitərəfli əməkdaşlıq çərçivəsindən
çıxaraq daha geniş geoiqtisadi məna kəsb edir. Azərbaycan Çinin
“Bir Kəmər, Bir Yol” (BRI) təşəbbüsü üçün Cənubi Qafqazda əsas
dayaq nöqtəsinə, Orta Dəhliz vasitəsilə isə Asiya–Avropa
bağlantısında strateji mərkəzə çevrilir. Bu transformasiya ticarət,
logistika və bərpaolunan enerji sahələrində artan əməkdaşlıqla
paralel gedir.

Siyasi və strateji baza: institutlaşma və
etibarlılıq

Azərbaycan–Çin münasibətlərinin institusional əsasları mərhələli
şəkildə qurulub. 2003-cü ildən sonra Prezident İlham Əliyevin Çinə
rəsmi səfərləri ikitərəfli dialoqun intensivləşməsinə şərait
yaradıb. 2015-ci ildə imzalanmış “İpək Yolu İqtisadi Kəmərinin
yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”
əməkdaşlığın iqtisadi fəlsəfəsini müəyyən edən ilk mühüm sənəd
olub.

2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının
Səmərqənd Sammiti çərçivəsində Prezident İlham Əliyev və Çin Xalq
Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüş
münasibətlərin gələcək inkişaf xəritəsini formalaşdırıb. 2024-cü il
3 iyul tarixində isə “Azərbaycan Respublikası ilə Çin Xalq
Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında
Birgə Bəyannamə”, 2025-ci il 23 aprel tarixində isə Pekində
“Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında
Birgə Bəyanat” imzalanıb. Son illərdə imzalanan birgə bəyannamələr
və memorandumlardan ibarət paket münasibətləri mərhələli şəkildə
strateji, daha sonra isə hərtərəfli strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldib. Bu sənədlər siyasi niyyət bəyanatı olmaqla
yanaşı, eyni zamanda ticarət, investisiya, nəqliyyat, enerji və
texnologiya sahələrində konkret koordinasiya mexanizmləri
yaradır.

Ticarət və investisiyalar: rəqəmlərlə təsdiqlənmiş
dinamika

İki ölkə arasında iqtisadi əməkdaşlıq sürətlə genişlənir. Təkcə son
rəqəmlərə nəzər yetirdikdə bunu aydın şəkildə görə bilərik. Belə
ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin
yanvar–noyabr aylarında Azərbaycanla Çin arasında ticarət
dövriyyəsi 4,214 milyard ABŞ dolları təşkil edib, bu isə 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 24% artım deməkdir. Çin Azərbaycanın
əsas ticarət tərəfdaşları arasında 4-cü sırada yer alır və ümumi
ticarət dövriyyəsində 9,45% paya sahibdir. Ticarət əlaqələrindəki
artımı bir neçə əsas amillə izah etmək olar. Tranzit və logistika
imkanlarının genişlənməsi, Azərbaycan bazarının Çin texnologiyaları
və avadanlıqları üçün açılması, eləcə də dövlət səviyyəsində
risklərin azaldılması iki ölkənin ticari əməkdaşlığında müsbət
rolunu oynayıb. Belə ki, Orta Dəhlizin funksionallığı Çin
mallarının Avropaya çıxışını sürətləndirib, texnoloji əməkdaşlıq,
xüsusən də enerji, telekommunikasiya və nəqliyyat sektorlarında
qarşılıqlı texnoloji həllərin mübailəsini sürətləndirib. Eyi
zamanda institusional sazişlər investorlar üçün proqnozlaşdırıla
bilən mühit yaradıb.

Birbaşa xarici investisiyalar sahəsində də müsbət dinamika
müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına
əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında Çindən Azərbaycana
19,070 milyon ABŞ dolları sərmayə yönəldilib, bu da əvvəlki ilin
eyni dövrü ilə müqayisədə 67,9% artım deməkdir. Azərbaycan isə öz
növbəsində Çinə 9,820 milyon dollar sərmayə qoyub ki, bu da illik
ifadədə 3,7 dəfə çoxdur.

Çinin Azərbaycana birbaşa xarici investisiyalarının (FDI) 68%-ə
yaxın artması təsadüfi deyil. Bu artım Çin şirkətlərinin
Azərbaycana artıq istehsal və enerji platforması kimi baxdığını
göstərir. Azərbaycanın Çinə yatırdığı sərmayələrin 4 dəfəyə yaxın
artması isə münasibətlərin təkistiqamətli olmadığını, qarşılıqlı
iqtisadi maraqlara əsaslandığını sübut edir.

Orta Dəhliz və logistika: strateji tranzit
imkanları

Çin Mərkəzi Asiyada əsasən xammal və iri miqyaslı kredit
layihələrinə, Şərqi Avropada isə istehsal və liman infrastrukturuna
fokuslanır. Azərbaycan isə bu modellərdən fərqli olaraq,
logistika–enerji–ticarət üçbucağını eyni anda təklif edir. Cənubi
Qafqazda Azərbaycan Çinin əsas tərəfdaşıdır; regiondakı digər
ölkələrlə müqayisədə siyasi sabitlik və tranzit imkanları
baxımından üstün mövqeyə malikdir. Mərkəzi Asiya ilə müqayisədə
Azərbaycan Çin üçün Avropa bazarlarına daha qısa və təhlükəsiz
çıxış təqdim edir. Şərqi Avropadan fərqli olaraq, Bakı Çinin
təsirinə qarşı geosiyasi balansı qoruyur və çoxtərəfli siyasət
yürüdür.




Bu kontekst Rusiyanın ənənəvi tranzit rolunun nisbi zəifləməsi,
Avropa İttifaqının tədarük zəncirlərini diversifikasiya cəhdləri və
ABŞ-nin Çinlə rəqabətinin kəskinləşməsi fonunda Azərbaycanın
əhəmiyyətini daha da artırır. Türkiyə ilə strateji müttəfiqlik isə
Orta Dəhlizin siyasi və iqtisadi dayanıqlığını gücləndirən əlavə
amildir.

Bu xüsusda Azərbaycan–Çin əməkdaşlığının önəmli istiqamətlərindən
biri kimi nəqliyyat və logistika əlaqələri ön plana çıxır.
Azərbaycan “Kəmər və Yol” təşəbbüsündə mühüm tranzit ölkə rolunu
oynayır, xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu) Çin–Avropa yükdaşımalarında alternativ və təhlükəsiz
marşrut təqdim edir. Orta Dəhliz Çin üçün Rusiya üzərindən keçən
Şimal marşrutuna və dəniz yoluna alternativdir. Dünya Bankının və
Asiya İnkişaf Bankının hesabatlarında bu dəhliz risklərin
diversifikasiyası baxımından strateji alternativ kimi
qiymətləndirilir. Azərbaycan isə bu marşrutda multimodal
daşımaların mərkəzi, Xəzər keçidinin əsas təşkilatçısı, real vaxt
monitorinq və rəqəmsal logistika həllərinin tətbiq olunduğu
platforma rolunu oynayır. Bütün bunlar isə ölkəyə qlobal kontektsdə
diqqət və marağı birə-beş artırıb və Orta Dəhliz baxımından ortaq
əməkdaşlıq addımları dəhlizin inkişafında müstəsna önəm kəsb
edib.

Yeri gəlmişkən, Azərbaycan sözügedən nəqliyyat marşurutunun əsas
sütun ölkələrindən hesab edildiyindən Çinin də marağını üzərinə
cəlb etməyi bacarıb. Belə ki, bu istiqamətdə 2025-ci ilin
oktyabrında “Azərbaycan Dəmir Yolları” QSC ilə Çinin Sian Limanı
arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum multimodal
daşımaların genişləndirilməsi, konteyner qatarlarının
optimallaşdırılması və yükdaşımaların real vaxt rejimində
monitorinqini əhatə edir.

Dəhliz vasitəsilə yükaşırmalarda da əhəmiyyətli artım qeydə
alınıb. Təkcə 2025-ci ilin ilk 9 ayında ADY 296 blok-qatar qəbul
edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39% artım
deməkdir. Həmin dövrdə 103,134 TEU konteyner yük daşınıb, bu isə
təxminən 20% artım deməkdir. Dəhlizin ortaq maraqlar çəçivəsində
inkişafı ilə gəlcəkdə yükaşırma qabiliyyətinin daha da artacağı isə
istisna edilmir.

Enerji və yaşıl keçid: gələcəyin sektoru

Azərbaycanla Çin arasında əsas əməkdaşlıq istiqamətlərindən biri də
enerji sektorudur. Enerji sahəsində əməkdaşlıq təkcə investisiya
layihələri ilə məhdudlaşmır, həm də ölkənin dayanıqlı inkişaf
strategiyasının əsas sütunlarından birinə çevrilir. Artıq deyə
bilərik ki, Azərbaycan–Çin enerji əməkdaşlığı ənənəvi enerji
sahəsindən kənara çıxaraq yaşıl keçid mərhələsinə daxil olub. Bu,
həm Azərbaycanın 2030 və 2050 iqlim hədəflərinə, həm də Çinin
qlobal yaşıl texnologiya ixracı strategiyasına uyğundur.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyası (KES) və Qobustan Günəş
Elektrik Stansiyası (GES) kimi layihələr Çin şirkətlərinin təkcə
podratçı deyil, texnologiya və maliyyə tərəfdaşı rolunda çıxış
etdiyini göstərir.

Bərpaolunan enerji sahəsində daha böyük addımlar da atılır.
Beynəlxalq Valyuta Fondu və Dünya Bankının hesabatlarında da qeyd
olunur ki, Azərbaycan kimi enerji ixracatçıları üçün bərpaolunan
enerji layihələri fiskal dayanıqlığı və ixrac strukturunun
şaxələndirilməsini təmin edən əsas alətlərdən biridir. Beynəlxalq
qurumların ölkənin “yaşıl enerji” sektorunda gördüyü işləri belə
qiymətləndirməsi isə əbəs deyil. Belə ki, bu xüsusda görülən
tədbirlərdən 2025-ci ilin dekabrında Energetika Nazirliyi yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Çinin “Universal
International Holdings Limited” şirkətinin birgə həyata keçiridiyi
Qobustanda 100 MVt gücündə Günəş Elektrik Stansiyasının ilk
panelinin quraşdırıldığını diqqətə çatdıra bilərik. 2027-ci ildə
istismara verilməsi planlaşdırılan stansiya proqnozlara görə illik
260 milyon kVt-saat enerjiyə və 57 milyon kubmetr təbii qaza qənaət
etməyə imkan verəcək. Eyni zamanda stansiyanın istismara verilməsi
ilə 124 min ton karbon emissiyasının azaldılması mümkün olacaq.

Bundan əlavə, 2025-ci ilin noyabrında “China Datang Corporation
Ltd.”şirkəti ilə 100 MVt günəş və 2 QVt dəniz külək enerjisi
layihəsi üzrə İcra Müqaviləsi imzalanıb. Bu layihə həm də enerji
saxlanc sistemləri və “Yaşıl Enerji Dəhlizi”ni əhatə edir. Bu
layihələr regionun enerji təhlükəsizliyi, karbon emissiyasının
azaldılması və yaşıl iqtisadiyyata keçid üçün nümunəvi model
yaradır. Enerji sahəsində əməkdaşlıq Azərbaycan üçün həm gündəlik
enerji ehtiyaclarını ödəyən, həm də uzunmüddətli perspektivi təmin
edən strateji seçimdir.

Beləliklə, ticarət dövriyyəsinin artımı, investisiyalar, Orta
Dəhliz üzrə logistika inteqrasiyası və bərpaolunan enerji
layihələri bu tərəfdaşlığın uzunmüddətli perspektivini açıq şəkildə
ortaya qoyur. Azərbaycan bu əməkdaşlıqla Çinin qlobal
təşəbbüslərində passiv tranzit ölkə deyil, aktiv geoiqtisadi oyunçu
rolunu möhkəmləndirir. Mövcud dinamika onu deməyə əsas verir ki,
Bakı–Pekin xətti yaxın illərdə Avrasiya iqtisadi xəritəsində daha
da əhəmiyyətli mövqeyə sahib olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir