
Bakı. Trend:
TRIPP üzrə əldə olunan razılaşmalar ilk növbədə de-yuri qəbul
olunmalıdır.
Trend erməni KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol
Paşinyan Nazirlər Kabinetinin iclasında səsləndirib.
“Digər tərəfdən, bizi böyük həcmdə praktiki iş gözləyir. Dünənki
bəyanatdan irəli gələn addımları mümkün qədər tez atmalıyıq. İlk
növbədə, onları artıq de-yure sazişlər formasında qəbul etmək
lazımdır. Biz zəruri saziş layihələri və hüquqi qərarlar üzərində
işə başlayacağıq. Xüsusilə, Ermənistanda TRIPP adlı şirkət
yaradılmalıdır”, – deyə Paşinyan bildirib.
O qeyd edib ki, həmçinin TRİPP üzrə marşrutlar, yollar, tikinti
hüquqları, torpaqdan istifadə məsələləri, infrastrukturun inşası və
icazələrlə bağlı məsələlər təsbit olunalıdır.
“Düşünürəm ki, hazırlıq işlərinə bu gündən başlamaq lazımdır. Bu
gündən etibarən bütün prosesləri nəzərdən keçirməliyik ki, hər şey
lazımi qaydada və müəyyən edilmiş müddətlərdə həyata keçirilsin”, –
deyə Paşinyan əlavə edib.
Qeyd edək ki, yanvarın 14-də Ermənistan XİN Ermənistanla ABŞ
arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP)
layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişi dərc edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət
katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsinin
icrası üzrə çərçivə proqramını təqdim ediblər. Dərc olunmuş sənəd 8
avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün bərqərar
olunmasına dəstək məqsədilə götürülmüş öhdəliklərin yerinə
yetirilməsi istiqamətində atılmış yeni addım kimi
qiymətləndirilib.
Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan
TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development
Company” şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək
niyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin
icrası hüququ veriləcək. İrəvan Vaşinqtona TRIPP Development
Company-nin səhmlərinin 74 faizini təklif etməyi, 26 faizini isə
özündə saxlamağı planlaşdırır.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

