
Bakı. Trend:
2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit
neftinin həcmi 27,179 milyon ton təşkil edib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 2,3
milyon ton və ya 7,8% azdır.
Belə ki, 2024-cü ildə BTC ilə 29,471 milyon ton neft nəql
edilmişdi.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizini və
ya 23,057 milyon tonunu Azərbaycanda hasil edilən neft, 15,2
faizini və ya 4122,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan
daxil olan neft təşkil edib.
Ümumilikdə, ötən il magistral neft kəmərləri ilə 36,306 milyon
ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,4 milyon ton və
ya 6,3% azdır. Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neft
ixrac kəməri ilə həyata keçirilmiş və il ərzində bu kəmər
vasitəsilə 27179,2 min ton neft ötürülüb.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu
1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km
Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru
kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il
mayın 18-də boru kəmərinə neft yüklənib.
2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş
BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz),
AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53
faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5
faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

