
Bakı. Trend:
Yunanıstanın Dodekanes Apellyasiya Məhkəməsi Rodosda iki miqrant
qaçaqmalçısına 600 il həbs cəzası verib. Müttəhimlərdən birinin
Azərbaycan vətəndaşı olduğu deyilir.
Trend xəbər verir
ki, bu barədə CNN Greece məlumat yayıb.
Müttəhimlərin kimliyi açıqlanmır. Onlar 2025-ci ilin oktyabr
ayının əvvəlində 59 nəfəri qanunsuz şəkildə Karpatos adasına
çıxarıblar.
Apellyasiya Məhkəməsi uzunmüddətli həbs cəzaları ilə yanaşı, 29
yaşlı Azərbaycan vətəndaşına və 30 yaşlı Moldova vətəndaşına
700.000 avro məbləğində cərimə də tətbiq edib.
Daha dəqiq desək, məhkəmə 29 yaşlı azərbaycanlıya ümumilikdə 300
il 7 ay həbs cəzası və 350.500 avro cərimə, həmçinin 30 yaşlı
Moldova vətəndaşına 300 il 1 ay həbs cəzası və 350.500 avro cərimə
təyin edib.
Qeyd olunur ki, qaçaqmalçı kater Türkiyə sahillərindən yola
düşmüş və 5 oktyabr 2025-ci ildə Karpatos adasının sahilində sahil
mühafizə xidməti tərəfindən aşkarlanmışdır. Yunanıstanın sahil
mühafizə xidməti kateri təqib etmiş və onu açıq dənizdə
saxlamışdır. Bir neçə miqrantın səhhətində problemlər yaranmış,
onlardan biri Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopterlə
xəstəxanaya çatdırılmışdı.

