
Bakı. Trend:
İsveç Silahlı Qüvvələri Qrenlandiyada aparılan
kəşfiyyat-qiymətləndirmə işlərində iştirakını başa çatdırır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin
mətbuat relizində məlumat verilir.
Məlumata görə, ərazidə aparılan işlər Qrenlandiya və Arktikada
gələcək təlimlərin keçirilməsi üçün şəraitin və imkanların
öyrənilməsi məqsədi daşıyırdı. Bu region NATO üçün getdikcə artan
strateji əhəmiyyət kəsb edir. İsveç Silahlı Qüvvələrinin iştirakı
planlaşdırma üzrə bir sıra zabitlərin cəlb olunmasından ibarət idi.
Onlara Qrenlandiya və Arktikada gələcək təlimlərdə iştirak üçün
şəraitin qiymətləndirilməsi tapşırılmışdı.
İsveç Silahlı Qüvvələrinin Operativ Komandanlığının rəisi,
vitse-admiral Eva Skuq Haslumun sözlərinə görə, növbəti mərhələ
toplanmış məlumatların qiymətləndirilməsi və gələcək təlimlərin
planlaşdırılmasına başlanmasıdır.
İsveç il ərzində Danimarkanın təşkil etdiyi “Arktik dözümlülük”
adlı təlimlər silsiləsində iştirak etməyi planlaşdırır. Təlimlərin
məqsədi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və NATO-nun
şimal cinahının (potensial hücumlar zamanı) müdafiəsinə hazırlıq
səviyyəsinin qaldırılmasıdır.

