
Bakı. Trend:
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun illik
toplantısında iştirak etmək üçün yanvarın 19-dan İsveçrə
Konfederasiyasında səfərdədir. Yanvarın 19-da İsveçrənin Davos
şəhərində öz işinə başlayan və yanvarın 23-dək davam edəcək 56-cı
Dünya İqtisadi Forumu “Dialoq ruhu – qlobal mürəkkəblik və bölünmə
şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi
altında dünya liderlərini, dünyanın aparıcı iş adamlarını bir araya
gətirir. Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında 130-dan
artıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və
hökumət başçısı daxil olmaqla 400 siyasi lider, iri şirkət
rəhbərləri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət
göstərən nüfuzlu liderlər qatılıblar. Bu geniş təmsilçilik Forumun
qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu
bir daha təsdiqləyir.
Forumun 2026-cı il toplantısı çərçivəsində qlobal çağırışlara
cavab olaraq beş əsas prioritet müəyyən edilib. Bu prioritetlər
qlobal iqtisadi artım tempinin zəiflədiyi bir şəraitdə ticarət və
investisiya imkanlarının genişləndirilməsi yolu ilə yeni iqtisadi
artım mənbələrinin formalaşdırılmasını, innovasiyaların, xüsusilə
süni intellektin tətbiqi zamanı onların biznesə və məşğulluğa
təsirinin qiymətləndirilməsini, habelə bu texnologiyalardan
istifadəyə dair normativ və etik çərçivələrin müəyyənləşdirilməsini
əhatə edir. Eyni zamanda, beynəlxalq müstəvidə və cəmiyyət
daxilində etimadın bərpası məqsədilə yeni əməkdaşlıq
mexanizmlərinin araşdırılması, insan kapitalının inkişafının
təşviqi və bu sahəyə investisiyaların artırılması yolu ilə əmək
bazarının transformasiyası və dayanıqlılığın gücləndirilməsi əsas
istiqamətlər sırasında yer alır. Prioritetlər çərçivəsində,
həmçinin bərpaolunan, inklüziv, dairəvi və təbiətə əsaslanan
iqtisadi modellər vasitəsilə uzunmüddətli rifahın təmin edilməsi
xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətlər bir daha
təsdiqləyir ki, innovasiyaların tətbiqi, müasir tələblərə cavab
verən insan kapitalının formalaşdırılması, çoxtərəfli əməkdaşlığın
gücləndirilməsi və sair gələcəyin əsas çağırışları kimi
dəyərləndirilir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, əvvəlki forumlarda olduğu
kimi, builki Forum çərçivəsində də Prezident İlham Əliyevin
“Euronews” televiziyasına müsahibəsi, panel iclasda çıxışı və
görüşləri böyük maraq doğurur. Azərbaycanın təkmil inkişaf modeli,
uğurla həyata keçirdiyi islahatlar, beynəlxalq münasibətlər
sistemində möhkəmlənən mövqeyi, söz sahibliyi, iqtisadi
imkanlarının yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş
imkanlar açması mötəbər maliyyə qurumları, dünyanın məşhur şirkət
rəhbərləri və media təmsilçiləri tərəfindən yüksək
qiymətləndirilir. Forum dünyada gedən iqtisadi meyillər haqqında
dolğun məlumat əldə etməyə geniş imkanlar yaradır. Dünya İqtisadi
Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən
Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsini, daha
da irəli aparılması üçün göstərilən səyləri dəstəkləyir. Forum
çərçivəsində Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri
əsasında keçirdiyi görüşlərin say tərkibi Azərbaycana beynəlxalq
baxışın yüksək səviyyədə olduğunu nümayiş etdirir. Belə ki,
Prezident İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin
müraciətləri əsasında dünyanın aparıcı qlobal maliyyə
institutlarının, nüfuzlu investisiya şirkətlərinin rəhbərləri ilə
görüşüb. Görüşlərdə qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə
bazarlarında mövcud vəziyyət və institusional investorların
müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan
bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya
yanaşmaları, qarşılıqlı investisiya layihələri ilə bağlı fikir
mübadiləsi aparıldı. Azərbaycanın xarici investorlar üçün cəlbedici
məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes
mühitinin mövcudluğu məmnunluqla qeyd edildi. Ölkəmizin mühüm
beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, son
dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması
istiqamətində icra edilən layihələr diqqətə çatdırıldı. Ölkəmizin
beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi möhkəmlənən
mövqeyi yüksək dəyərləndirildi. Görüşlərdə, həmçinin Azərbaycanın
bərpaolunan enerji sektorunda malik olduğu imkanlar və bu sahədə
əməkdaşlıq da xüsusi diqqətdə oldu.
Vüqar Rəhimzadə vurğulayıb ki, hər dövrün çağırışının yüksək
səviyyədə yerinə yetirilməsi Azərbaycanın dayanıqlı iqtisadi
inkişafında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz
qabağındadır. Azərbaycanın öz təbii resurslarından səmərəli
istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji
layihələrinin uğurlu icrası ölkələri, xalqları daha da sıx
birləşdirir, yeni körpülərin qurulmasını şərtləndirir. Dünyanın
enerji xəritəsini yenidən tərtib edən bu layihələr regional
əməkdaşlığın coğrafiyasının genişləndirilərək beynəlxalq miqyas
alması ilə müşayiət olunur. Azərbaycanın iqtisadi müstəqilliyinin
təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsini, etibarlı tərəfdaş
kimi nüfuz qazanmasını şərtləndirir. İqtisadiyyatını düzgün əsaslar
üzərində quran Azərbaycan hazırda davamlı inkişafa ilə diqqətdədir.
Bu isə öz növbəsində regional əməkdaşlığın yeni prioritetlər üzrə
genişləndirilməsini şərtləndirir. Bir mühüm məqamı da xüsusi
vurğulamalıyıq ki, Azərbaycan beş il öncə tarixi Zəfəri ilə yeni
reallıqlar yaratdı. Həmçinin 2023-cü ilin sentyabrında
suverenliyini tam bərpa etdi. Azərbaycan sülh gündəliyinin müəllifi
kimi də dünyanın diqqətindədir. Daim regionda dayanıqlı sülhün,
təhlükəsizliyin təmin edilməsi istiqamətində səylər göstərən və onu
konkret addımları ilə təsdiqləyən Azərbaycan tarixi Zəfərimizdən
sonra Ermənistana sülh təklifi ilə dünyanın diqqətində oldu. Sülh
müqaviləsinin imzalanmasının ümumilikdə regionun inkişafına geniş
imkanlar açacağını Azərbaycan ilk gündən əsaslı şəkildə diqqətə
çatdırdı. Davosda keçirilən görüşlərdə, Prezident İlham Əliyevin
“Euronews” televiziyasına müsahibəsində, “Avrasiyanın iqtisadi
özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında
çıxışında əsas diqqət göstərilən məsələ təbii ki, tarixi sülh
razılaşması oldu. Sözügedən müsahibəsində “Davosda dünya liderləri
ilə bir araya gəldiyiniz zaman biz hazırda mövcud beynəlxalq
sistemin fundamental olaraq yenidən dəyərləndirilməsinin şahidiyik.
Bir sözlə, Siz bu dəyişiklik barədə əvvəlcə də xəbərdarlıq
etmişdiniz. Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necə
uyğunlaşır və Sizin dünya liderlərimizə sözünüz nədən ibarətdir”
sualını cavablandırarkən Prezident İlham Əliyev bildirdi ki, biz
elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya
ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə
strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə
etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün
hesab etdiyimizi həyata keçirmək idi. İstər siyasi inkişaf, istərsə
də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq
hüquqa və ümumi dəyərlərə uyğun idi. Beynəlxalq münasibətlər bu gün
yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil,
güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə
bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya
və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən
mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə
qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz
buna nail oldu.
Prezident İlham Əliyev bildirdi ki, bu gün Cənubi Qafqaz,
həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır
sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik
tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir
və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan
arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana
gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan
əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin
növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu
vəziyyətdən hamı udur. Beləliklə, Ermənistan və Azərbaycanın, eləcə
də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli
deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.
Millət vəkili bildirib ki, Azərbaycan hər zaman Dünya İqtisadi
Forumunun toplantılarında diqqət mərkəzində olur. Təbii ki, buna
əsas verən Azərbaycanın daim liderliyini qoruması, sözünün imzası
qədər əhəmiyyətini artırması, hər bir sahədə zəngin təcrübəyə malik
olması, qlobal problemlərin həllində birgə səylərə çağırışlar
edərək yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması və
sair kimi mühüm amillərdir. İqtisadi xarakter daşımasına
baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə
ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri
ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.
56-ci Dünya İqtisadi Forumu da Azərbaycan üçün səmərəlidir. Qeyd
etdiyimiz kimi, Prezident İlham Əliyevin qarşı tərəflərin
müraciətləri əsasında bir sıra ölkələrin dövlət və hökumət
başçıları, tanınmış şirkətlərin rəhbərləri ilə görüşlərində
dövlətlər arasında əlaqələrin inkişafında əsas faktorlardan olan
iqtisadi amilə xüsusi diqqət yönəldilərək əməkdaşlığın daha da
dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bir daha diqqətə
çatdırıldı. Dünya İqtisadi Forumunun növbəti sessiyası Azərbaycanın
hazırda regionda və dünya siyasətində böyük rola malik olduğunu bir
daha təsdiqləyir. Prezident İlham Əliyevə göstərilən böyük etimad,
hər bir məsələdə ölkəmizin mövqeyinə verilən önəm səsləndirilən
fikirlərdə özünün aydın ifadəsini tapır. Hər bir toplantı
Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrində yeni səhifənin
başlanğıcıdır. Prezident İlham Əliyevin hər il Forumun toplantıları
çərçivəsində keçirilən görüşlərdə əminliklə səsləndirdiyi fikir bu
olur ki, gələcək daha uğurlu olacaq.
Ölkəmiz hər zaman əməkdaşlığa, sülhə, birliyə, həmrəyliyə
çağırışlar edir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə
təbii ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan
qalib, bütövləşən Azərbaycanın mövqeyinə böyük ehtiyac var. 56-cı
Dünya İqtisadi Forumu bunu bir daha təsdiqləyir.

