
Bakı. Trend:
Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında
dəyişiklik edilib.
Trend-in
məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev
müvafiq Qərar imzalayıb.
“Dərman vasitələrinin topdansatışına dair
tələblər”
Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5
ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində
hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola
bilərlər.
Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraq
ixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisası
üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini
bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq
ixtisasları üzrə işləməmiş əczaçılar Səhiyyə Nazirliyinin
tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq
sertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə
məşğul ola biləcəklər.
“Aptek təşkilatlarına dair tələblər və aptek
təşkilatlarından dərman vasitələrinin buraxılması
Qaydaları”
Mövcud qanunvericiliyə görə, aptekdən həkim resepti ilə
buraхılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının
qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiyadan keçmiş
əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz
buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların
satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər
tərəfindən həyata keçirilir.
Qərara əsasən, aptekdən reseptlə və ya reseptsiz buraxılan
dərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı malların
satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun
tələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olan
əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış
əczaçılar tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, qərar yanvarın 6-da qəbul edilib,
yanvarın 14-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,
yanvarın 15-də qüvvəyə minib.

