
ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq regionunda Hərbi Hava Qüvvələrinin genişmiqyaslı təlimlərinə start verib.
Modern.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Təlimlər regionda gərginliyin pik həddə çatdığı, ABŞ-ın hava və dəniz qüvvələrinin misli görünməmiş şəkildə cəmləşdiyi bir dövrə təsadüf edir.
Hərbi ekspertlərin fikrincə, Pentaqonun Yaxın Şərqdə formalaşdırdığı hərbi qüvvələr paketi ABŞ-ın həm Corc Buş-ata, həm də Corc Buş-oğul dövrlərində həyata keçirilmiş İraq kampaniyalarında iştirak edən qüvvələri üstələyir.
CENTCOM-un yaydığı açıqlamada bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı bir neçə gün davam edəcək döyüş hazırlığı təlimləri keçirəcək. Məqsəd komandanlığın məsuliyyət zonasının bütün ərazisində döyüş aviasiyasını yerləşdirmək, səpələmək və dəstəkləmək imkanlarını nümayiş etdirməkdir.
CENTCOM-un məsuliyyət zonasuna Misirdən İrana qədər bütün Yaxın Şərq, o cümlədən İsrail, həmçinin Mərkəzi Asiyada Türkmənistandan və Pakistandan başlayaraq Qazaxıstana qədər olan ərazilər daxildir.
İsrail mediası qeyd edir ki, bu təlimlərin sonradan İran rejiminin strateji obyektlərinə mümkün hücumlara çevrilməsi ehtimalı Tehranda ciddi narahatlıq yarada bilər. Bununla belə, ABŞ prezidenti Donald Tramp bu ssenari ilə bağlı açıq mövqe ortaya qoymur.
Tramp bazar ertəsi bildirib ki, ABŞ İran yaxınlığında “böyük bir armada” toplayıb və bu qüvvələr hərəkətə gətirilib. Onun sözlərinə görə, bu addımlar Vaşinqtonun Tehranın danışıqlara hazır olduğunu düşündüyü üçün atılıb.
ABŞ prezidenti mümkün hərbi variantlar barədə danışmaqdan imtina edib və diplomatiyanın hələ də üstünlük təşkil etdiyini vurğulayıb. “Onlar razılaşma istəyirlər, bunu bilirəm. Bir neçə dəfə zəng ediblər. Danışıqlar aparmaq istəyirlər”, – deyə Tramp qeyd edib.

