
Bakı.Trend:
Bir çoxumuz Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın –
Bakının tam mərkəzində yerləşən ölkənin əsas kitab xəzinəsinin
yanından dəfələrlə keçmişik. Öz işlərimizi görməyə tələsmiş,
“Sahil” bağı yaxınlığında görüşlər təyin etmiş, kitabxananın ciddi
və monumental memarlığına heyranlıqla baxmışıq… Və demək olar ki,
hər dəfə baxışımız yuxarıya – lodjiyalarda sanki zamanın
keşikçiləri kimi donub qalmış, dünya və Azərbaycan mədəniyyətinin
görkəmli nümayəndələrinin daş fiqurlarının yer aldığı möhtəşəm
fasada yönəlib. Bəs heç düşünmüşükmü ki, orada kimin heykəlləri
ucaldılıb və onların müəllifləri kimlərdir?
Trend oxucularına
Arif Quluzadənin fotoları ilə müşayiət olunan çox maraqlı bir
material təqdim edir.
Milli Kitabxananın tarixi 23 may 1923-cü ildən başlayır.
Fəaliyyətinin ilk illərində o, Azərbaycan Elmlər Akademiyasının
binasında cəmi bir neçə otaqda yerləşirdi ki, bu da şübhəsiz
inkişaf imkanlarını məhdudlaşdırırdı.
1939-cu ildə kitabxanaya görkəmli Azərbaycan mütəfəkkiri,
dramaturqu və naşiri Mirzə Fətəli Axundzadənin adı verildi. Zamanla
kitab fondunun həcmi sürətlə artdı, oxucuların sayı çoxaldı və
yeni, geniş bir binaya ehtiyac açıq şəkildə hiss olunmağa
başladı.
Müasir kitabxana binası 1960-cı ildə görkəmli memar Mikayıl
Hüseynovun layihəsi əsasında inşa edildi. Tikintinin yerinin
seçilməsində və həyata keçirilməsində tanınmış yazıçı Süleyman
Rəhimov mühüm rol oynadı. Artıq 1961-ci ilin əvvəlində kitabxana
yeni binada fəaliyyətə başladı.
Burada yaradılmış şərait və yüksək ixtisaslı mütəxəssislərin
əməyi kitabxananın ölkənin əsas mədəni və intellektual
mərkəzlərindən biri kimi gələcək inkişafı üçün möhkəm zəmin
yaratdı.
Binanın cənub fasadı Xaqani küçəsinə baxır və “Sahil” bağına
açılan mənzərə yaradır, şərq fasadı isə Rəşid Behbudov küçəsinə
yönəlib. Burada, onun adını daşıyan Dövlət Mahnı Teatrı yerləşir və
əfsanəvi ifaçının şərəfinə abidə ucaldılıb.
Məhz kitabxananın fasadları dövrün təkcə memarlıq deyil, həm də
bədii manifestinə çevrilib. Geniş terrasda, fasadların
lodjiyalarında Azərbaycan və dünya mədəniyyətinin görkəmli
nümayəndələrini təmsil edən 15 heykəl yerləşdirilib. Soldan sağa
onlar aşağıdakı ardıcıllıqla düzülüb:
Nizami Gəncəvi (1141–1209) – Azərbaycan şairi
Şota Rustaveli (XII əsr) – gürcü şairi
Aleksandr Puşkin (1799–1837) – rus şairi
Məhsəti Gəncəvi (XII əsr) – Azərbaycan şairəsi
Dmitri Mendeleyev (1834–1907) – rus alimi
Həsən bəy Zərdabi (1842–1907) – Azərbaycan maarifçisi
Maksim Qorki (1868–1936) – rus yazıçısı
Üzeyir Hacıbəyli (1885–1948) – Azərbaycan bəstəkarı
Səməd Vurğun (1906–1956) – Azərbaycan şairi
Bülbül (1897–1961) – Azərbaycan opera müğənnisi
Niyazi (1912–1984) – Azərbaycan dirijoru və bəstəkarı
Rəsul Rza (1910–1981) – Azərbaycan şairi
Mirzə Ələkbər Sabir (1862–1911) – Azərbaycan şairi
Əcəmi Naxçıvani (XII əsr) – Azərbaycan memarı
Soltan Məhəmməd (XVI əsr) – Təbriz miniatür məktəbinin
nümayəndəsi.
Bu monumental sənət əsərlərin müəllifləri Azərbaycan
heykəltəraşlığının tanınmış ustaları – Əhməd Tsalikov, Elmira
Hüseynova, Həyat Abdullayeva, Namiq Dadaşov və Zakir
Əhmədovdur.
Qeyd edək ki, şərq fasadının lodjiyasında yerləşən Bülbül,
Niyazi, Rəsul Rza, Əcəmi Naxçıvani, Mirzə Ələkbər Sabir və Soltan
Məhəmməd heykəlləri əsas cənub fasadındakı heykəllərdən daha
sonralar quraşdırılıb.

