Mövsümi qrip: yoluxma riski, peyvənd və düzgün müalicə – Səhiyyə Nazirliyindən açıqlama

Baş səhifə

Bakı. Trend:

Payız–qış mövsümündə kəskin respirator virus infeksiyaları,
xüsusilə də qrip xəstəliyi əhali arasında geniş yayılaraq həm
uşaqlar, həm də böyüklər üçün sağlamlıq riski yaradır. Qrip virusu
barədə cəmiyyətin düzgün və vaxtında məlumatlandırılması xüsusi
əhəmiyyət daşıyır. Qripin əlamətləri, hansı yaş qruplarının daha
çox risk altında olması, xəstəlikdən qorunma yolları,
peyvəndlənmənin rolu və həkim məsləhəti olmadan dərman qəbulunun
fəsadları ilə bağlı suallarımızı Səhiyyə Nazirliyi V.Y.Axundov
adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti
Arzu Pənahova cavablandırıb.

Trend müsahibəni təqdim
edir:

– Arzu xanım, qrip virusu nədir, əlamətləri və simptomlarına
nələr daxildir?

– Qrip virusu, tibb dilində influenza virusu — əsasən yuxarı və
aşağı tənəffüs yollarını zədələyən, yüksək yoluxduruculuğa malik
kəskin virus infeksiyasıdır. Bu viruslar “Orthomyxoviridae”
ailəsinə aiddir və əsasən A, B və C tiplərinə bölünür. İnsanlarda
mövsümi epidemiyalara səbəb olan əsas törədicilər A və B tipli qrip
viruslarıdır. Qrip virusunun ən diqqətçəkən xüsusiyyəti isə tez-tez
mutasiyaya uğramasıdır. Məhz bu dəyişkənlik səbəbindən hər il
payız–qış mövsümündə qrip yenidən yayılır və əvvəlki immunitet
xəstəliyin tam qarşısını ala bilmir.

Qrip virusu əsasən hava-damcı yolu ilə yayılır. Yoluxmuş şəxs
öskürərkən, asqırarkən və ya danışarkən virusu ətrafa yayır. Bundan
əlavə, virusla çirklənmiş səthlərə təmas sonrası əllə burun, ağız
və ya gözlərə toxunmaq da yoluxmaya səbəb ola bilər. Xəstəliyin
inkubasiya dövrü adətən 1–4 gün təşkil edir. Xəstə, əlamətlər
başlamazdan bir gün əvvəl yoluxdurucu ola bilər. Yoluxduruculuq
adətən 5-7 gün davam edir. Uşaqlarda və immun sistemi zəif
olanlarda bu müddət daha uzun ola bilər.

Qripin əlamətləri adətən kəskin və qəfil başlanğıcla özünü
göstərir. Xəstəliyin ən xarakterik əlaməti yüksək hərarətdir. Bədən
temperaturu tez-tez 38–40°C-yə qədər yüksələ bilər. Hərarətlə
yanaşı ümumi halsızlıq, güclü yorğunluq hissi xəstələr tərəfindən
ən çox şikayət edilən əlamətlərdəndir. Əzələ və oynaqlarda ağrılar
qrip üçün çox tipikdir və bəzən gündəlik hərəkətləri belə
çətinləşdirir.
Qrip zamanı baş ağrısı adətən güclü və davamlı olur, xüsusilə alın
və göz arxası nahiyəsində hiss edilir. Tənəffüs yollarına aid
əlamətlərə quru və tutmaşəkilli öskürək, boğazda yanma və ağrı,
burun axıntısı və ya tutulması daxildir. Xəstələrdə tez-tez üşütmə,
titrəmə və soyuqluq hissi müşahidə olunur.

Bəzi hallarda qrip yalnız tənəffüs yolları ilə məhdudlaşmır.
İştahasızlıq, ürəkbulanma, qusma və qarın ağrısı kimi əlamətlər,
xüsusilə uşaqlarda daha çox rast gəlinir. Həmçinin, gözlərdə
qızartı, sulanma və işığa həssaslıq, nadir hallarda isə səs batması
müşahidə olunur. Xəstəlik dövründə diqqət və yaddaş zəifləməsi,
yuxululuq yarana bilər.
Qripin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, o, adi
soyuqdəymə ilə müqayisədə daha ağır keçir, əlamətlər qəfil başlayır
və ümumi vəziyyəti ciddi şəkildə pisləşdirir. Xüsusilə uşaqlarda,
yaşlılarda, hamilə qadınlarda və xroniki xəstəlikləri olan
şəxslərdə qrip daha ağır gedişata və ciddi ağırlaşmalara səbəb ola
bilər.

Bu səbəbdən qrip əlamətləri başladıqda vaxtında həkimə müraciət,
özünü təcrid etmək və düzgün müalicə tədbirlərinə başlamaq,
xəstəliyin yayılmasının və ağırlaşmaların qarşısının alınmasında
mühüm rol oynayır.

– Hansı yaş qrupunda qripə yoluxma hallarına daha çox rast
gəlinir?

– Qrip elə bir infeksiyadır ki, yalnız müəyyən yaş qrupuna
məxsus deyil və həyatın istənilən dövründə rast gəlinə bilər.
Bununla belə, epidemioloji müşahidələr göstərir ki, bütün yaş
qrupları arasında yoluxma tezliyi eyni deyil və bəzi qruplar həm
daha tez yoluxur, xəstəliyi daha ağır keçirir.

Ən yüksək yoluxma göstəriciləri adətən uşaqlar arasında,
xüsusilə məktəbəqədər yaş dövründə (0–5 yaş) və məktəb yaşlı
uşaqlarda (6–17 yaş) qeydə alınır. Bunun əsas səbəbi isə uşaqların
kollektiv mühitdə o cümlədən, uşaq bağçalarında və məktəblərdə sıx
təmasda olmaları, gigiyenik qaydalara riayət edə bilməmələri və
immun sistemlərinin hələ tam formalaşmamasıdır. Uşaqlar qrip
virusuna daha asanlıqla yoluxur və eyni zamanda virusun cəmiyyətdə
yayılmasında əsas “ötürücü zəncir” rolunu oynayırlar.

Yaşlı insanlar, xüsusilə 65 yaşdan yuxarı şəxslər, qripə yoluxma
baxımından deyil, daha çox ağır gediş və fəsadlar riski baxımından
ön plandadır. Bu yaş qrupunda qripin daha ağır keçməsinin səbəbi
immun sisteminin zəifləməsi, xroniki ürək-damar, ağciyər, şəkərli
diabet və digər yanaşı xəstəliklərin mövcudluğu ilə əlaqədardır.
Yaşlılarda qrip pnevmoniya, xroniki xəstəliklərin kəskinləşməsi,
ürək və tənəffüs çatışmazlığı kimi ciddi ağırlaşmalarla müşayiət
oluna bilər.

Hamilə qadınlar ayrıca risk qrupuna daxildir. Hamiləlik dövründə
immun sistemində baş verən fizioloji dəyişikliklər qadınların
infeksiyalara qarşı həssaslığını artırır. Bu səbəbdən hamilə
qadınlarda qrip həm ana, həm də döl üçün təhlükəli ola bilər və
daha ciddi nəzarət tələb edir.

Gənclər və orta yaşlı insanlar adətən qripi daha yüngül
keçirirlər, lakin onların yoluxma riski həyat tərzi ilə birbaşa
əlaqəlidir. Xüsusilə. ictimai nəqliyyatdan tez-tez istifadə
edənlər, ofis və kollektiv mühitdə çalışanlar, təhsil, səhiyyə,
xidmət sektorunda işləyən şəxslər virusla daha çox təmasda
olduqları üçün yoluxma ehtimalı yüksək olur.

Bundan əlavə, istənilən yaşda olan, lakin xroniki xəstəlikləri
və ya immun çatışmazlığı olan şəxslər qripə daha tez yoluxa və
xəstəliyi daha ağır keçirə bilərlər. Buraya astma, xroniki ağciyər,
ürək, böyrək və qaraciyər xəstəlikləri, şəkərli diabet və
immunosupressiv müalicə alan şəxslər daxildir.
Bu səbəbdən risk qruplarının qorunması, xüsusilə də vaxtında
peyvənd olunması və profilaktik tədbirlərə əməl edilməsi qripin
yayılmasının qarşısını almaqda əsas rol oynayır.

– Qripdən qorunmaq üçün insanlar daha çox nəyə diqqət
etməlidirlər?

– Qripdən qorunma təkcə fərdi məsuliyyət deyil, eyni zamanda
ictimai sağlamlığın qorunması deməkdir. Qrip hava-damcı yolu ilə
çox sürətlə yayıldığı üçün insanlar gündəlik həyatlarında bir sıra
sadə, lakin effektiv qaydalara diqqət etməlidirlər.

Ən vacib qoruyucu tədbirlərdən biri vaxtında peyvənd olunmaqdır.
Qrip virusu tez-tez dəyişdiyi üçün hər il mövsümə uyğun yenilənmiş
peyvəndlər hazırlanır. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar,
xroniki xəstəliyi və immun sistemi zəif olan şəxslər üçün peyvənd
qripin ağır keçməsinin və fəsadların qarşısının alınmasında əsas
rol oynayır.

Gündəlik gigiyena qaydalarına riayət etmək qripdən qorunmada
mühüm əhəmiyyət daşıyır. Əllərin sabunla tez-tez yuyulması,
xüsusilə ictimai yerlərdən sonra, virusun orqanizmə daxil olmasının
qarşısını alır. Əllər yuyulmadıqda gözlərə, buruna və ağıza
toxunmaqdan çəkinmək lazımdır. Bu, virusun bədənə keçməsinin ən
geniş yayılmış yollarından biridir.

Qripin yayılmasının qarşısını almaq üçün maskadan düzgün
istifadə xüsusilə, əlamətləri olan şəxslər üçün vacibdir. Öskürək
və asqırma zamanı ağız və burnun salfetlə və ya dirsəklə örtülməsi
respirator gigiyenanın əsas qaydalarındandır. İstifadə olunmuş
salfetlər dərhal atılmalı və əllər təmizlənməlidir.

İnsanların kütləvi toplaşdığı, qapalı və havalandırılması zəif
olan məkanlardan mümkün qədər uzaq durmaq tövsiyə olunur. Xüsusilə,
payız–qış mövsümündə ictimai nəqliyyatda, ticarət mərkəzlərində və
tədbirlərdə uzun müddət qalmaq yoluxma riskini artırır. Mümkün
olduqda sosial məsafənin qorunması önəmlidir.




Qrip əlamətləri olan şəxslərin evdə qalması və özünü təcrid
etməsi həm onların tez sağalması, həm də virusun başqalarına
ötürülməsinin qarşısının alınması baxımından vacibdir. Hərarət,
boğaz ağrısı, öskürək və halsızlıq kimi əlamətlər olduqda ictimai
yerlərə getmək məsləhət görülmür.

Orqanizmin ümumi müqavimətini gücləndirmək də qorunmada mühüm
rol oynayır. Düzgün və balanslı qidalanma, kifayət qədər maye
qəbulu, vitamin və minerallarla zəngin qidalar, normal yuxu rejimi
və fiziki aktivlik immun sisteminin güclənməsinə kömək edir.
Xroniki stress və yuxusuzluq isə immun müdafiəni zəiflədir və
yoluxma riskini artırır.

Nəticə olaraq, qripdən qorunmanın əsas prinsipi peyvənd,
gigiyena, məsuliyyətli davranış və sağlam həyat tərzinin birgə
tətbiqidir. Bu tədbirlərə əməl etməklə həm öz sağlamlığımızı, həm
də ətrafımızdakı insanların sağlamlığını qorumaq mümkündür.

– Həkim məsləhəti olmadan qəbul edilən dərman və antibiotiklərin
sağlamlığa hansı mənfi təsirləri var?

– Həkim məsləhəti olmadan dərman, xüsusilə də antibiotik qəbul
etmək ilk baxışdan “zərərsiz”bir addım kimi görünə bilər. Amma
tibbi baxımdan bu davranış sağlamlıq üçün ciddi və bəzən geri
dönməz fəsadlara yol aça bilər. Burada əsas problem ondan ibarətdir
ki, dərmanlar “ümumi təsirli” deyil, konkret diaqnoz, doza və
müddət tələb edən vasitələrdir.

Ən böyük risklərdən biri antibiotiklərə qarşı davamlılığın
(rezistentliyin) yaranmasıdır. Antibiotik həkim göstərişi olmadan
və ya düzgün dozada qəbul edilmədikdə bakteriyaları tam məhv etmir,
əksinə onlara uyğunlaşır. Nəticədə gələcəkdə eyni infeksiya zamanı
həmin antibiotik artıq təsir etmir. Bu, təkcə bir insan üçün deyil,
cəmiyyət üçün də təhlükəlidir, çünki davamlı bakteriyalar yayılır
və müalicəsi daha çətin infeksiyalar meydana çıxır.

Antibiotiklərin başqa bir mühüm mənfi təsiri orqanizmin normal
mikroflorasını pozmasıdır. İnsan bədənində, xüsusilə bağırsaqlarda,
immun sisteminin düzgün işləməsi üçün vacib olan “faydalı
bakteriyalar” yaşayır. Antibiotiklər isə zərərli və faydalı
bakteriyalar arasında fərq qoymur. Nəticədə ishal, qarın ağrısı,
köp, göbələk infeksiyaları və immun zəiflik yarana bilər.
Uzunmüddətli və nəzarətsiz antibiotik qəbulu bağırsaq
mikrobiotasını ciddi şəkildə zədələyir.

Həkim məsləhəti olmadan qəbul edilən dərmanlar qaraciyər və
böyrəklərə toksik təsir göstərə bilər. Bir çox dərmanlar məhz bu
orqanlar vasitəsilə parçalanır və orqanizmdən xaric olunur. Dozanın
düzgün seçilməməsi və ya lazımsız dərman qəbulu qaraciyər
fermentlərinin yüksəlməsinə, böyrək funksiyasının pozulmasına və
hətta dərman mənşəli hepatitə səbəb ola bilər.

Digər mühüm risk yan təsirlər və allergik reaksiyalardır. Bəzi
insanlar müəyyən dərmanlara qarşı həssas ola bilər. Həkim nəzarəti
olmadan qəbul edilən dərmanlar dəri səpgisi, qaşınma, şişkinlik,
tənəffüs çətinliyi və ağır hallarda anafilaktik şok kimi həyati
təhlükəli vəziyyətlər yarada bilər. Xüsusilə antibiotiklər və
ağrıkəsicilər bu baxımdan risklidir.

Özbaşına dərman qəbulu xəstəliyin əlamətlərini müvəqqəti
gizlədə, lakin əsas səbəbi aradan qaldırmaya bilər. Bu isə düzgün
diaqnozun gecikməsinə, xəstəliyin ağırlaşmasına və daha mürəkkəb
müalicəyə ehtiyac yaranmasına səbəb olur.

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, virus
xəstəliklərində antibiotiklərin heç bir təsiri yoxdur. Qrip,
soyuqdəymə və digər respirator virus infeksiyalarında antibiotik
qəbulu nəinki faydasızdır, hətta zərərlidir. Bu, həm immun sistemi
zəiflədir, həm də gələcəkdə həqiqətən antibiotikə ehtiyac olduqda
onun təsirsiz qalmasına səbəb olur.

Uşaqlarda, yaşlılarda, hamilə qadınlarda və xroniki xəstəlikləri
olan şəxslərdə özbaşına dərman qəbulu xüsusilə təhlükəlidir. Bu
qruplarda dərmanların təsiri daha fərqli ola bilər və ağır fəsadlar
riski daha yüksəkdir.

Nəticə olaraq, dərman və antibiotiklər “özbaşına istifadə edilən
vasitə” deyil, müalicə alətidir və yalnız həkim tərəfindən düzgün
qiymətləndirmədən sonra təyin olunmalıdır. Sağlamlığın qorunmasının
ən düzgün yolu simptomlara əsasən deyil, elmi əsaslı tibbi
məsləhətə əsaslanaraq hərəkət etməkdir.

– Mövsümi qripdən qorunmaq üçün nələri məsləhət görərdiniz?

– Mövsümi qripdən qorunmaq üçün profilaktik tədbirlər gündəlik
həyat tərzindən başlayaraq, səhhəti daha davamlı qoruyan strateji
addımlara qədər uzanır. Bu tədbirlər arasında qripə qarşı vaxtında
peyvənd olunmaq yer alır ki, Səhiyyə Nazirliyi bu mövzuya xüsusi
diqqət verir.

Bu mövsüm üçün Səhiyyə Nazirliyi təhlükəsiz və yüksək
keyfiyyətli qrip əleyhinə vaksinləri Azərbaycana gətirib və
vaksinasiya kampaniyasına ötən ilin oktyabr ayından etibarən
başlanılıb. Bu vaksinlər Fransada istehsal olunub və yüksək
standartlara cavab verən preparatlardır. Məqsəd qrip virusunun
payız–qış mövsümündə yayılmasını azaltmaq və cəmiyyətin
sağlamlığını qorumaqdır.

Peyvənd, xüsusilə aşağıdakı qruplar üçün əsas qoruyucu tədbir
sayılır: səhiyyə işçiləri, hamilə qadınlar, 65 yaş və yuxarı yaş
həddi xroniki xəstəlikləri olan şəxslər. Bu qruplarda qrip daha
ağır gedişata səbəb ola biləcəyindən, vaxtında peyvənd olunmaq
infeksiyanın qarşısının alınmasında çox vacibdir.

Peyvənd bədənin immun sistemini qrip virusuna qarşı hazırlayır
və xəstəliyə yoluxma ehtimalını azaldır. Təcrübədə peyvənd olunmuş
şəxslərdə qripin ağırlaşma riski, xəstəxanaya düşmə və
komplikasiyalar xeyli aşağı olur. Təkrar mutasiya edən qrip
virusuna qarşı hər il yenilənmiş peyvəndlərin tətbiqi immuniteti
mövsümə uyğunlaşdırır və qorunmanı gücləndirir. Bu, qrip virusunun
dəyişkən təbiətinə qarşı ən effektiv müdafiədir.

Vaksinasiya bütün dövlət tibb müəssisələrində, yaşayış və ya iş
yeri üzrə ambulator-poliklinik xidmət göstərən müəssisələrdə pulsuz
aparılır. Bu, peyvəndlənmənin əlçatan olması və geniş əhali
seqmentinin qorunması üçün vacib bir addımdır.

Qripdən qorunmaq yalnız peyvəndlə məhdudlaşmır. Əllərin tez-tez
yuyulması, oxşar virus infeksiyalarında maska istifadəsi, sosial
məsafəni qoruma və xəstə insanlarla yaxın təmasdan çəkinmək kimi
gündəlik gigiyena qaydaları da infeksiyanın yayılmasını azaldır.
Peyvəndlənmə bu tədbirlərlə birlikdə tətbiq olunduqda qripdən
qorunmanın təsiri daha yüksək olur.

Qrip mövsümündə peyvənd strategiyası yalnız fərdi sağlamlığın
deyil, ümumi ictimai sağlamlığın da qorunmasına xidmət edən ilk və
əsas addımdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir