İsrailli professor Mark Applebaum AzMİU-da süni intellekt mövzusunda elmi seminarla çıxış edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İsrailli alim, professor Mark Applebaum Azərbaycan Memarlıq və
İnşaat Universitetində (AzMİU) “Tədrisdə süni intellekt: Funksional
alətlərdən pedaqoji tərəfdaşlığa doğru” mövzusunda elmi seminarla
çıxış edib.

AZMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Nigar
Aslanova açılış nitqi ilə çıxış edərək bildirib ki, təhsil
sistemində süni intellekt texnologiyalarının tətbiqi alternativə
yox, zərurətə çevrilib. O qeyd edib ki, AzMİU-da innovativ
yanaşmaların təşviqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi,
müəllim–tələbə münasibətlərində yeni pedaqoji modellərin
formalaşdırılması universitet rəhbərliyinin əsas
prioritetlərindəndir.

Prorektor onu da vurğulayıb ki, belə elmi seminarlar akademik
mühitdə müasir trendlərin öyrənilməsi və qabaqcıl təcrübələrin
paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən professor Mark Applebaum təqdimatında süni
intellektin ali təhsildə yalnız texniki yardımçı vasitə kimi yox,
eyni zamanda pedaqoji tərəfdaş kimi çıxış etməsinin mümkünlüyündən
danışıb. Alim süni intellekt əsaslı platformaların fərdiləşdirilmiş
tədris və interaktiv öyrənmə mühitinin yaradılmasında oynadığı rolu
konkret nümunələr əsasında izah edib.




Seminar zamanı müəllim və tədqiqatçılar süni intellektin etik
aspektləri, akademik dürüstlük, müəllimin dəyişən rolu və gələcək
tədris modelləri ilə bağlı suallar səsləndiriblər. Müzakirələr
interaktiv formatda davam edib.

Tədbirdə AZMİU-nun professor və müəllim heyəti ilə yanaşı, digər
universitetlərin akademik heyəti də iştirak edib.

Qeyd edək ki, Mark Applebaum riyaziyyat təhsili sahəsində
tanınmış ekspertdir. 7 dildə 100-dən çox məqaləsi dərc olunan
alimin elmi fəaliyyəti və təcrübəsi əsasən istedadlı şagirdlərin
təhsili, yaradıcı və tənqidi düşüncə, riyaziyyat müsabiqələri və
STEM pedaqogikasına yönəlib. O, 30-dan çox beynəlxalq konfransda
iştirak edib və çoxsaylı qlobal tədbirlərdə əsas məruzəçi kimi rol
alıb.

Hazırda “Kangaroo Israel Math Contest”in rəhbəri vəzifəsində
çalışır və 2023-cü ildən etibarən “Kaye Academic College of
Education”da “Integrative STEM Education” proqramına rəhbərlik
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir