
Bakı. Trend:
Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də
mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər.
“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı da bu mənada istisna
deyil.
Trend xəbər verir ki,
festival çərçivəsində fevralın 7-də Qəbələdə Azərbaycan ilə İtaliya
arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: musiqi körpüsü”
kamera musiqisi axşamı keçirilib. Heydər Əliyev Konqres Mərkəzində
keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının
təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak
ediblər.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış
edərək, proqrama Azərbaycan və italyan bəstəkarlarının romans
janrında yazdıqları əsərlərinin daxil edildiyini diqqətə çatdırıb
və bu janrın xüsusiyyətləri barədə qısa məlumat verib.
Konsertdə V.Bellininin “Melanxoliya” romansı, Səid Rüstəmovun
“İntizar”, “Hardasan”, Sevda İbrahimovanın “Oyan, Bülbül”, Tofiq
Quliyevin “Bakılıyam mən”, “Lirik mahnı”, “Bəxtəvər oldum”, “Qızıl
üzük”, Vasif Adıgözəlovun “Qərənfil”, “Bakı haqqında mahnı”, Polad
Bülbüloğlunun “Şən Azərbaycan”, həmçinin R.Falvonun “Dicitencello
vuje”, S.Kardillonun “Heapolitan mahnısı “Katari”, F.Tostinin iki
romansı, C.Biksionun “Parlami D amore Mariu” əsərləri
səsləndirilib.
Xalq artistləri Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə
(piano) və Əməkdar artist Emil Əfrasiyabın (piano), həmçinin
solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə
(mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) və
Aysun Mahmudzadənin (soprano) ifaları musiqisevərlər tərəfindən
alqışlarla qarşılanıb.
Konsertin sonunda bütün solistlər Tofiq Quliyevin “Dostluq
mahnısı”nı ifa ediblər.
Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində “Qış
nağılı” Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi
və yekun konserti olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir
musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan
ifaçı və rəqqaslar səhnəyə çıxacaq.

