
Bakı.Trend:
ABŞ Ticarət Palatası Azərbaycan və ABŞ-dən olan hökumət və özəl
sektor nümayəndələrinin iştirakı ilə tədbirlər keçirməyi
planlaşdırır.
Trend xəbər verir
ki, bunu bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ Ticarət
Palatasının üzvlərlə beynəlxalq əlaqələr, Yaxın Şərq və Türkiyə
üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
Onun sözlərinə görə, burada müəyyən sahələrin inkişafına imkan
verən çoxsaylı rəqabətcil amillər mövcuddur.
“Bu, biliklərə əsaslanan iqtisadiyyata da aiddir. Dövlət
qurumları və ya təhsil müəssisələri ilə konkret tərəfdaşlıqlara
gəldikdə, hazırda misal gətirə biləcəyimiz nümunələr yoxdur, lakin
ümumilikdə şirkətlər fəaliyyət göstərərkən tez-tez bu cür
institutlarla tərəfdaşlığa girirlər.
Biz mübadilənin ikitərəfli olmasını istəyirik. Məsələn, ümid
edirik ki, Amerika şirkətləri ilə görüşlər üçün Vaşinqtona və ya
Nyu-Yorka səfər edərkən Azərbaycan nümayəndələrini qəbul etmək
şərəfinə nail olacağıq. Həmçinin bizim şəbəkəmiz mövcuddur və
əvvəldə də qeyd etdiyim kimi, əgər söhbət texnologiya sektorundan
gedirsə, startapların və digər texnoloji yönümlü şirkətlərin təmsil
olunduğu San-Fransiskoda tədbirlər keçirə bilərik. Beləliklə, bəli,
bu cür tərəfdaşlıqların inkişafına töhfə vermək məqsədilə ABŞ-nin
müxtəlif regionlarında hökumət və özəl sektorun iştirakı ilə
tədbirlər planlaşdırırıq”, – deyə o əlavə edib.

