
Bakı. Trend:
10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli
Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa
qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş
Qanun layihəsini qəbul edib.
Trend xəbər verir ki, bununla
Azərbaycan Respublikası Konvensiyanın ratifikasiyası prosesinə
liderlik edən ölkəyə çevrilir.
Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi
olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun
layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal
iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət
qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti
çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş
etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə
verib.
“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il
tarixində BMT Baş Assambleyasında qəbul olunub.
XXl əsrin Konvensiyası hesab edilən – “Kibercinayətkarlığa
qarşı” BMT Konvensiyası kibercinayətkarlıqla mübarizə üzrə qlobal
səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə
formalaşdıran ilk sənəddir.
Konvensiya 2025-ci ilin oktyabr ayında Vyetnamın paytaxtı Hanoy
şəhərində keçirilən rəsmi imzalanma mərasimində ümumilikdə 74
dövlət tərəfindən imzalanıb (Böyük Britaniya, Fransa, Çin,
Avstraliya, Belçika, Türkiyə, Polşa, Rusiya, İspaniya, BƏƏ, İsveç
və s). Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan
adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi imzalayıb.
Konvensiya milli parlamentlər tərəfindən təsdiqlənməli və
ölkələr bu beynəlxalq hüquqi çərçivəyə qoşulmaq üçün daxili hüquqi
prosedurlarını tamamlamalıdırlar. Hazırda Azərbaycan Respublikası
bu prosesi tamamlamaqda olan ilk ölkə kimi çıxış edir.
Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə
orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla
beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli
istintaqların effektivliyini artırır. Təxirəsalınmaz beynəlxalq
əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya
verilməsinə imkan yaradır.
BMT-nin rəsmi səhifəsinə əsasən, (https://treaties.un.org/Pages/ViewDetails.aspx?src=TREATY&mtdsg_no=XVIII-16&chapter=18&clang=_en),
Azərbaycan həm də Konvensiyanı qeyd-şərtlərlə imzalayan yeganə
ölkədir. Bu beynəlxalq prosedurlara xüsusi olaraq peşəkar hüquqi
yanaşmanın göstəricisidir.
Bütövlükdə, Konvensiya qlobal miqyasda kibercinayətkarlıqla
mübarizədə qarşılıqlı koordinasiyanı, standartları, hüquqi
əməkdaşlığı genişləndirməyi hədəfləyir.

