
Bakı. Trend:
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Avrasiya
Patent İdarəsinin dəstəyi ilə Avrasiya iddia sənədlərinin elektron
formada verilməsi xidmətini istifadəyə verib.
Bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumat
verilib.
Bildirilib ki, Avrasiya məkanında ilk dəfə ölkəmizdə həyata
keçirilən pilot layihəsi nəticəsində bu xidmət Əqli Mülkiyyət
Agentliyinin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf)
elektron informasiya sisteminə inteqrasiya olunub və Azərbaycandan
olan iddiaçılara ixtira və sənaye nümunələri üçün Avrasiya iddia
sənədlərini elektron qaydada və birbaşa olaraq Avrasiya Patent
İdarəsinə təqdim etmək imkanı yaradılıb.
Əqli Mülkiyyət Agentliyi tərəfindən yeni funksional xidmətin
tətbiqi iddiaçıların müracət etməsini asanlaşdırır, ekspertlərin iş
yükünü ciddi şəkildə azaldır və fəaliyyətini sürətləndirir. PƏNAH
sisteminə inteqrasiya edilmiş bu xidmət Avrasiya iddia sənədlərinin
işlənməsi prosesini daha sürətli və effektiv edir, hüquqi
prosedurları sadələşdirir, iddiaçıların müraciətlərini daha tez və
dəqiq qiymətləndirməsinə imkan verir, bürokratik əngəlləri aradan
qaldıraraq şəffaflığı təmin edir və ixtira fəallığını artırır.
Beləliklə, həm iddiaçılar, həm də ekspertlər üçün daha rahat və
vaxta qənaət edən bir iş mühiti yaradılır.
Qeyd olunan xidmət hər kəsə istənilən vaxt və istənilən yerdən
əlçatan olan, 24/7 rejimində fəaliyyət göstərən milli PƏNAH
sisteminə əsaslanır və bu sistem vasitəsilə həyata keçirilir.
PƏNAH sistemində bu yeniliklərin tətbiq olunması Azərbaycanın
beynəlxalq patent iddia sənədlərinin təqdim olunması sahəsindəki
müasir yanaşmalara və innovasiyalara açıq olunmasını bir daha
təsdiq edir.

