Xarici xüsusi xidmət orqanlarının “elite capture” strategiyasının məhsulu olan Ramiz Mehdiyev və şəbəkəsi

Baş səhifə

Bakı. Trend:

Müasir beynəlxalq münasibətlər sistemi artıq klassik güc balansı
modellərindən kənara çıxıb. Dövlətlərə təsir göstərmək üçün
tanklar, iqtisadi sanksiyalar və açıq siyasi ultimatumlar təkbaşına
kifayət etmir. XXI əsrin əsas silahlarından biri informasiyadır,
digəri isə insan faktorudur. Xarici xüsusi xidmət orqanları bu iki
elementi birləşdirərək maraq dairələrində olan ölkələrdə “xüsusi
təsir şəbəkələri” formalaşdırır. Dövlət Təhlükəsizlik Xidmətinin
vətənə xəyanət və digər maddələrlə təqsirləndirilən bir qrup şəxs
barədə yaydığı video görüntülər və səs yazılarındakı təkzibolunmaz
dəlil və sübutlar postsovet məkanında, o cümlədən Azərbaycanda bu
mexanizmlərin uzun illər sistemli və məqsədyönlü şəkildə
qurulduğunu göstərir.

Bu strategiyanın mahiyyəti sadədir: dövlətə yox, dövlətdə vacib
mövqelərdə olan şəxslərə təsir göstərmək. Beynəlxalq praktikada bu
yanaşma “elite capture” – “elitanın ələ keçirilməsi” adlanır.
Xarici güc mərkəzləri üçün ən səmərəli yol dövlət institutlarını
dağıtmaq deyil, həmin institutlara real təsir edən şəxsləri öz
təsir orbitinə salmaqdır. Bu zaman dövlətin formal suverenliyi
saxlanılır, lakin siyasi qərarlar artıq xarici maraqların
prizmasından formalaşır.

Azərbaycan kontekstində bu mexanizmin necə işlədiyini anlamaq
üçün uzun illər humanitar, ideoloji və informasiya sahələrinə
nəzarət etmiş Ramiz Mehdiyev və onun ətrafında formalaşmış şəbəkəyə
diqqət yetirmək kifayətdir. O, vəzifədə olduğu dövrdə təkcə
inzibati resurslardan istifadə etmirdi, həm də intellektual məkan
üzərində nəzarət qurmuşdu. Akademik dairələr, ekspert mühiti vahid
ideoloji çərçivəyə salınmışdı. Ona qarşı ifadə edilən mövqelər ya
marginalizə edilir, ya da susdurulurdu. Bu, təsadüfi deyildi.
Xüsusi təsir şəbəkələri üçün əsas şərt intellektual və informasiya
mühitinin monopoliyalaşdırılmasıdır. Çünki cəmiyyət alternativ
mənbələrdən məlumat ala bilmədikdə, ona təqdim edilən narrativləri “obyektiv reallıq” kimi qəbul edir. Bu isə xarici güclərin
maraqlarına uyğun ictimai rəy formalaşdırmaq üçün ideal şərait
yaradır.




Belə şəbəkələrin fəaliyyətində bir neçə paralel xətt müşahidə
olunur. Birincisi, dövlət aparatında loyal fiqurların irəli
çəkilməsi. İkincisi, akademik və media mühitində “ekspert” adı
altında fəaliyyət göstərən, lakin əslində xarici maraqları təbliğ
edən dairələrin yaradılması. Üçüncüsü, informasiya məkanında
geosiyasi manipulyasiya – Qərb dünyasına qarşı şübhə, qorxu və
etimadsızlıq aşılanır, alternativ güc mərkəzləri isə “daha
ədalətli”, “daha səmimi” tərəfdaş kimi təqdim olunur. Bu mexanizmin
təhlükəli tərəfi onun görünməzliyidir. Cəmiyyət üçün bu proseslər
siyasi plüralizm, fikir azadlığı və ya sadəcə ictimai diskussiya
kimi görünə bilər. Halbuki bu diskussiyaların arxasında məqsədyönlü
koordinasiya və xarici yönləndirmə dayanır.

Ramiz Mehdiyev və onun “silahdaşları” – Əli Kərimli, Qənimət
Zahid, Fuad Qəhrəmanlı və digərlərinin fəaliyyəti məhz bu prizma
ilə oxunmalıdır. Onların illər ərzində qurduqları şəbəkə təkcə
hakimiyyətə qarşı mübarizə aparmaq üçün deyil, həm də xarici təsir
mexanizmlərinin ölkə daxilində işləməsi üçün münbit zəmin
yaratmışdı. Xüsusilə “köhnə qvardiya” fenomeni bu prosesdə mühüm
rol oynayırdı. Sovetdən qalma idarəetmə refleksləri, Qərbə qarşı
tarixi şübhə və ideoloji ətalət həmin şəxsləri xarici
manipulyasiyaya daha açıq edirdi. Bu insanlar üçün əsas məqsəd
dövlətin strateji maraqları deyil, şəxsi mövqelərinin və təsir
dairələrinin qorunması idi. Xarici xüsusi xidmət orqanları isə məhz
bu zəifliklərdən istifadə edərək onları öz oyunlarının alətinə
çevirirdi. “Elite capture” strategiyasının nəticəsi klassik dövlət
çevrilişlərindən fərqlidir. Burada barrikadalar və hərbi texnika
yoxdur. Onun yerini memorandumlar, ekspert hesabatları, mediada
formalaşdırılan narrativlər və “sivil etiraz” texnologiyaları
tutur. Cəmiyyətə bu proseslər demokratik dəyişiklik kimi təqdim
olunur, lakin real məqsəd ölkənin geosiyasi kursunu dəyişmək və onu
başqa güc mərkəzinin orbitinə salmaqdır.

Bu cür şəbəkələr vaxtında aşkar olunmadıqda dövlətin strateji
dayanıqlığı və suveren qərarvermə qabiliyyəti ciddi risk altına
düşür. Bu səbəbdən məsələ yalnız konkret şəxslərin hüquqi
məsuliyyətə cəlb edilməsi ilə bitmir. Əsas məsələ bu mexanizmlərin
necə işlədiyini cəmiyyətin dərk etməsi və gələcəkdə onların
qarşısını alacaq institusional immunitetin formalaşdırılmasıdır.
Çünki müasir dünyada dövlətlər təkcə sərhədlərini deyil, qərarvermə
mərkəzlərini də qorumalıdır. Əgər həmin mərkəzlər ələ keçirilərsə,
ölkə formal olaraq müstəqil qalsa belə, faktiki olaraq başqa
güclərin siyasi alətinə çevrilib. Bu kontekstdə xarici xüsusi
xidmət orqanlarının, onların məhsulu olan Ramiz Mehdiyevin və
şəbəkəsinin həmin planlarının Azərbaycanda icrasına imkan
verilmədi. Dövlət Təhlükəsizliyi Xidməti xarici xüsusi xidmət
orqanlarının ölkə daxilində qurduğu təsir şəbəkəsini dağıdaraq,
dövlətin qərarvermə mexanizmini ələ keçirmək cəhdini kökündən
zərərsizləşdirdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir